Məcnun Məmmədov Dünya Bankının nümayəndəsi ilə görüşdü

Məcnun Məmmədov Dünya Bankının nümayəndəsi ilə görüşdü

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun Davamlı inkişaf üzrə regional direktoru Sameh Naquib Vahbanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, nazir Məcnun Məmmədov kənd təsərrüfatının inkişafının ölkəmizdə prioritet sahə kimi müəyyən edildiyini bildirib. Qeyd edib ki, həyata keçirilən siyasət nəticəsində Azərbaycanda aqrar sahə öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Nazir Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib.

Bildirilib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağ bölgəsini yaşıl enerji zonası elan edib. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması, bu ərazilərdə gələcək inkişafın təmin olunması, zəruri infrastrukturun yaradılması istiqamətində genişmiqyaslı tədbirlər uğurla həyata keçirilir. Bu ərazilərdə kənd yerlərinin inkişafı üçün qabaqcıl təcrübənin tətbiqi imkanları araşdırılır.

Diqqətə çatdırılıb ki, aqrar sahədə qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir.

Görüşdə Dünya Bankı ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş layihələrin əhəmiyyəti vurğulanıb, əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Həmçinin görüşdə aqrar sahədə məhsuldarlığın daha da artırılması, torpaq və su reurslarından səmərəli istifadə, kənd təsərrüfatının rəqəmsallaşdırılması, işğaldan azad edilmiş ərazilərdə kənd yerlərinin inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

Sonda qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.