180 məmur mafiya ilə əlaqələrinə görə işdən çıxarılıb

180 məmur mafiya ilə əlaqələrinə görə işdən çıxarılıb

Qırğızıstanda Kamçıbek Kolbayev və Rayımbek Matraimovun mafiyası ilə gizli əlaqədə olan 226 məmur ifşa edilib, onların 180-dən çoxu tutduğu vəzifədən kənarlaşdırılıb.

Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, mafiya ilə əlaqələrinə görə Gömrük Xidmətində 76 nəfər, Daxili İşlər Nazirliyində isə 14 nəfər tutduqları vəzifələrdən azad edilib. Rayonların dövlət idarələrində və yerli özünüidarəetmə orqanlarında çalışan 65 nəfər işdən xaric edilib, həmçinin 6 deputat mandatını təhvil verib. Cinayət işi ilə bağlı digər nazirlik və idarələrin bir sıra əməkdaşları da işdən çıxarılıb.

Xatırladaq ki, oktyabrın əvvəlində kriminal avtoritet, “qanuni oğru” Kamçıbek Kolbayev hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahlı müqavimət göstərərkən öldürülüb. Daha sonra Bişkekdə onun intiqamını almağı planlaşdıran əcnəbi killerlər saxlanılıb.

Kamçıbek Kolbayevin Qırğızıstanın sabiq baş naziri Sapar İsakova hədiyyə etdiyi dəyəri yarım milyon dollardan çox olan damazlıq atları, zirehli avtomobili, 720 mənzili, 356 nəqliyyat vasitəsi və 100 hektardan çox torpaq sahəsi dövlət mülkiyyətinə verilib.