Mərkəzi Bank faiz qərarını açıqlayacaq

Mərkəzi Bank faiz qərarını açıqlayacaq

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı 31 İyul 2024-cü il tarixində açıqlanacaq.

Faktiki inflyasiya Mərkəzi Bankın hədəfindən (4%±2 faiz bəndi) çox aşağıdır, 2024-cü ilin iyun ayında da istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən düşmüşdür (deflyasiya), 2023-cü ilin iyun ayı ilə müqayisədə isə 0,7% artmışdır. Bu səbəbdən Azərbaycan Mərkəzi Bankının faizlərini bir müddət sabit saxlayacağı ehtimalı yüksəkdir. Mərkəzi Bank İyun ayında yaydığı press-relizində inflyasiya amillərinin tarazlıq səviyyəsinin, inflyasiyanın cari dinamikasının və pul siyasətindən kənar amillərin monetar şəraitə və məcmu tələbə təsirinin faiz dəhlizi parametrlərinin növbəti iclasda da dəyişməz saxlanılması ehtimalını yüksək saxladığını bildirmişdi.

Hazırda inflyasiyanın aşağı düşməsi həm də mövsümü amil ilə əlaqədardır. Adətən yay aylarında meyvə və tərəvəz qiymətlərinin düşməsi istehlak qiymətləri indeksinə azaldıcı təsir göstərir. Yayın başa çatması ilə qiymətlərdə bir qədər artım müşahidə olunacaqdır.

Eyni zamanda bir sıra tariflərin artırılması və bəzi tairflərin də artırılacağı gözləntiləri, dövlət büdcəsi xərclərinin artırılması inflyasiyanı sürətləndirə bilər. Bunlara baxmayaraq uçot dərəcəsinin dəyişdirilməsi gözlənilmir. 

Mərkəzi Bank qeyd etmişdi ki, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır. Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü və 2025-ci illərdə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı gözlənilir. Mərkəzi Bank əsas makroiqtisadi göstəricilər üzrə yenilənmiş proqnozlarını 2024-cü ilin iyul ayının sonunda elan edəcəkdir. Pul siyasəti ilə bağlı növbəti qərarlar faktiki inflyasiya və proqnozu, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır.

Azərbaycan Mərkəzi Bankı İyun yığıncağında faizlərini sabit saxlamışdı. Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya amillərinin dinamikası və risk balansının qiymətləndirilməsi nəzərə alınmaqla qəbul olunmuşdu. Qeyd edilmişdi ki,  inflyasiyanı artıran və azaldan amillərin bir-birini neytrallaşdırması faiz dəhlizi ilə bağlı qərarı şərtləndirən səbəblərdəndir.

Xatırladaq ki, 01 May 2024-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.5%-dən 7.25%-ə, faiz dəhlizinin yuxarı həddinin 8.5%-dən 8.25%-ə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdi.

28 Mart 2024-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.75%-dən 7.5%-ə, faiz dəhlizinin yuxarı həddinin 8.75%-dən 8.5%-ə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdi.

31 yanvar 2024-cü il tarixində isə, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8%-dən 7.75%-ə, faiz dəhlizinin aşağı həddi 6.5%-dən 6.25%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8.75%-ə endirilmişdir.

Qeyd edək ki, 31 iyul 2024-cüil tarixində qərarın açıqlanması mətbuat konfransı ilə müşayiət olunacaqdır. Mərkəzi Bankın sədri Taleh Kazımov faiz qərarını oxuyacaq və jurnalistlərin suallarını cavablandıracaqdır. Qərarlar elan olunduqdan sonrakı iş günündə qüvvəyə minəcəkdir. 

Uçot dərəcəsi: 

02.05.2024     7.25%

29.03.2024     7.50%

01.02.2024     7.75%

21.12.2023     8.00%

02.11.2023     8.50%

04.05.2023     9.00%

30.03.2023     8.75%

02.02.2023     8.50%

Yuxarı həddi

02.05.2024     8.25%

29.03.2024     8.5%

01.02.2024     8.75%

21.12.2023     9.0%

02.11.2023     9.5%

04.05.2023     10.0%

30.03.2023     9.75%

02.02.2023     9.5%

Aşağı həddi

01.02.2024     6.25%

21.12.2023     6.5%

02.11.2023     7.0%

04.05.2023     7.5%

30.03.2023     7.0%

02.02.2023     6.75%

Marja.az