Milli İnternet Mükafatı üçün qeydiyyat olacaq

Milli İnternet Mükafatı üçün qeydiyyat olacaq

Bakıda Milli İnternet Mükafatı – “MilliNet2.0”nin müzakirələri ilə bağlı növbəti görüş keçirilib.

Bu barədə Milli İnternet Mükafatı – “MilliNet2.0”nin təşkilatçıları məlumat yayıb.

Görüşdə əldə olunan razılaşmalara əsasən oktyabrın ikinci ongünlüyündə “MilliNet2.0”yə start veriləcək, resursların qeydiyyatı başlayacaq. Bu il nominasiyalara yeni yanaşmalar tətbiq olunacaq, klassik formada saytların qəbulundan, istiqamətli qiymətləndirmədən imtina ediləcək. Layihə yönümlü onlayn resurslar, rəqəmsal həllər müsabiqəyə buraxılacaq.

Həmçinin resursların qiymətləndirilməsində yeni kriteriyalar, faydalılıq, innovativlik, kütləvilik, funksionallıq, dayanıqlıq və sair prinsiplər əsas götürüləcək. Resursların qiymətləndirilməsini xalq deyil, ekspertlər dəyərləndirəcək. Ekspertlərin dəyərləndirməsi ilə iddiaçılar təqdimatdan dərhal sonra tanış olacaqlar.

Yekun təqdimat və mükafatlandırılma mərasiminin dekabrın sonu informasiya-kommunikasiya texnologiyaları (İKT) ictimaiyyətinin iştirakı ilə təntənəli formada keçirilməsi, qaliblərə ənənəvi “Buta”nın təqdim edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan İnternetinin və informasiya-texnologiyaları (İT) sektorunun inkişafında müstəsna rolu olan “MilliNet2.0” tədbiri üçün sponsorluq təklifləri açıqdır.