“Min illərin yaddaşından süzülüb gələn Novruz ənənəmiz”

“Min illərin yaddaşından süzülüb gələn Novruz ənənəmiz”

Baharın gül-çiçək təravəti, xoş müjdəli növrağında yurdumuz bayram əhvalı ilə canlanır.  Ruhumuzu canlandıran, yazın baş qaldıran təzə-tər bənövşəsi tək yeni ümidlər, təzə arzularımızın müjdəçisi, əlbəttə ki, bolluq, bərəkət, toy-büsat soraqlı, səadət növrağlı, çal-çağırlı Novruz bayramıdır. Baharın gəlişini, təbiətin oyanışını xəbər verən bu bayram, ən qədim dövrlərdən bu günümüzə qədər gəlib çatmış xalqımızın sevinc, şadlıq, birliyimizin, diriliyimizin rəmzidir.

Tarix boyu, müxtəlif dövrlərdə təziqlərə məruz qalmasına baxmayaraq, bu el bayramı min illərin sınağından çıxaraq xalqımız tərəfindən qorunub saxlanılmışdır. Ən qədim adət-ənənə, inanclarımız və zəngin folklor nümunələrimizin, keçmişimizin çalarlarını özündə əks etdirəm Novruz gecə il gündüzün bərabərliyi, şaxtalı-qarlı qışın öz yerini məhsuldar yaz fəslinə verdiyi dövrün başlanğıcıdır. Əsrlərin sınağından çıxmış ən qiymətli mənəvi dəyərlərimiz, adətlərimizi bənzərsiz ənənəmizlə nəsilbənəsil ötürən xalqımız, bu bayramı yaşatmaqla, həm də əməyin, zəhmətin, torpağa sevginin, insanlığa və təbiətə məhəbbətin təcəssümünü bəşəriyyətə təlqin etmiş olur. Mehribançılığın, təmizlik, sağlamlıq və firavanlığın, mərhəmətin, birlik və bərabərliyin əbədi rəmzi, yeni ilin doğuşu olaraq səciyyələndirilən Novruz, həm də qəlblərə təravət, ətrafa gözəlliklər bəxş  edən, hər birində özünəməxsus inancları, xalqın sınamalarını qoruyub saxlayan dörd çərşənbəsi ilə insanlığa humanist dolu hisləri, duyğuları bəxş edir.

Ulu Öndər Heydər Əliyev “Novruz”un bütün türkdilli xalqların bayramı olduğunu vurğulayaraq demişdir: “Bu milli bayramın indi belə dövlət səviyyəsində qeyd edilməsi Azərbaycanın müstəqil siyasətinin bəhrələrindəndir”. Təsadüfi deyildir ki, ən ali keyfiyyətləri özündə cəmləşdirən bayram kimi Novruz, YUNESKO tərəfindən bəşəriyyətin mədəni irs nümunələri siyahısına daxil edilmişdir. Xeyirxahlıq, dostluq, birlik, qəhrəmanlıq rəmzi, min illik yaddaşımızdan süzülüb gələn el bayramıdır Novruz. Bunu da qeyd etmək yerinə düşər ki, hər birinizin bildiyi kimi  Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Hər kəs təsdiq edər ki, min illərdən bizə miras olan Novruz adətlərimiz yaşıl dünya naminə həmrəyliyin gözəl nümunəsidir.

Bəli, təmizlik, xeyirxahlıq, dostluq, birlik, qəhrəmanlıq rəmzi, min illik yaddaşımızdan süzülüb gələn el bayramıdır Novruz. Bu bayramı bu gün böyük coşqu, təmtəraq və çal-çağırla qeyd edə biliriksə, bu əlbəttə ki,  döyüş meydanında düşmənə qan udduran igid oğullarımızın, torpaq, vətən yolunda canını əsirgəməyən bir ömür boyu borclu olduğumuz şəhid övladlarımızın sayəsindədir. Biz onlara daim minnətdarıq. Şəhid oğulların əziz tutulan xatirələri həmişə qəlbimizdə, ürəyimizdədir. 

Nəzakət Quluqızı;
Neftçala rayonu, yazıçı-publisist