“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
Ötən il "TBC Kredit BOKT"u satın almış “Monetri BOKT” MMC 2025-ci ili 5 milyon 442 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2024-cü illə müqayisədə 1 milyon 413 min manat və ya 35,1% çoxdur. Təşkilat 2024-cü ildə 4 milyon 29 min manat xalis mənfəət əldə etmişdi.
Bu barədə Marja.az “Monetri BOKT” MMC-nin 31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir.
Hesabat dövründə BOKT-un faiz gəlirləri 2024-cü illə müqayisədə 1 milyon 889 min manat və ya 35,8% artaraq 7 milyon 167 min manata yüksəlib. Faiz xərcləri isə 283 min manatdan 1 milyon 136 min manata çatıb. Nəticədə xalis faiz gəliri 1 milyon 36 min manat və ya 20,7% artaraq 6 milyon 31 min manat təşkil edib.
Bununla belə, maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərlərinin bərpası 2024-cü ildəki 2 milyon 266 min manatdan 2025-ci ildə 204 min manata düşüb. Bu səbəbdən kredit zərərlərinin bərpası nəzərə alındıqdan sonra xalis faiz gəliri 7 milyon 261 min manatdan 6 milyon 235 min manata enib. Azalma 1 milyon 26 min manat və ya 14,1% olub.
Xərclər artsa da, əmlak satışından gəlir mənfəəti dəstəkləyib
2025-ci ildə “Monetri BOKT”un işçi heyəti və əlaqədar xərcləri 1 milyon 332 min manatdan 2 milyon 812 min manata yüksəlib. Bu, 1 milyon 480 min manat və ya 111,1% artım deməkdir.
Təşkilatın ümumi və inzibati xərcləri də 680 min manatdan 1 milyon 342 min manata çatıb. Bu xərc maddəsi üzrə artım 662 min manat və ya 97,4% təşkil edib.
Hesabatda diqqət çəkən əsas məqamlardan biri "Əlverişli şərtlərlə əldə edilmədən yaranan gəlir" bəndi üzrə 4 milyon 374 min manat gəlir olub. 2024-cü ildə bu istiqamətdə gəlir qeydə alınmamışdı. Bu gəlir təşkilatın yekun mənfəət göstəricisinə ciddi müsbət təsir edib.
Nəticədə “Monetri BOKT”un mənfəət vergisindən əvvəlki mənfəəti 5 milyon 36 min manatdan 6 milyon 114 min manata yüksəlib. Artım 1 milyon 78 min manat və ya 21,4% təşkil edib.
Aktivləri 49% artıb
31 dekabr 2025-ci il tarixinə “Monetri BOKT” MMC-nin cəmi aktivləri 35 milyon 204 min manat olub. 2024-cü ilin sonunda bu göstərici 23 milyon 619 min manat idi. Beləliklə, BOKT-un aktivləri illik müqayisədə 11 milyon 585 min manat və ya 49,1% artıb.
Aktivlərin artımında əsas rol müştərilərə verilmiş kreditlərin genişlənməsi ilə bağlı olub. Təşkilatın müştərilərə verilmiş xalis kreditləri 8 milyon 824 min manatdan 20 milyon 567 min manata yüksəlib. Kredit portfeli 11 milyon 743 min manat və ya 133,1% artıb.
Eyni zamanda, pul vəsaitləri və onların ekvivalentləri 855 min manatdan 2 milyon 657 min manata yüksəlib. Artım 1 milyon 802 min manat və ya 210,8% təşkil edib.
Bununla yanaşı, icarələrdə olan xalis investisiya 12 milyon 79 min manatdan 8 milyon 480 min manata düşüb. Bu göstərici üzrə azalma 3 milyon 599 min manat və ya 29,8% olub.
Öhdəliklər və kapital da böyüyüb
2025-ci ilin sonunda “Monetri BOKT”un cəmi öhdəlikləri 10 milyon 890 min manat təşkil edib. 2024-cü ilin sonunda bu göstərici 4 milyon 467 min manat idi. Beləliklə, öhdəliklər 6 milyon 423 min manat və ya 143,8% artıb.
Öhdəliklərin artımında əsas amil borc alınmış vəsaitlərin yüksəlməsi olub. Bu göstərici 3 milyon 596 min manatdan 10 milyon 112 min manata çatıb. Artım 6 milyon 516 min manat və ya 181,2% təşkil edib.
BOKT-un cəmi kapitalı isə 19 milyon 152 min manatdan 24 milyon 314 min manata yüksəlib. Kapitalda artım 5 milyon 162 min manat və ya 27% olub. Nizamnamə kapitalı dəyişməyərək 10 milyon manat səviyyəsində qalıb, bölüşdürülməmiş mənfəət isə 9 milyon 152 min manatdan 14 milyon 314 min manata yüksəlib.


