Nailiyyətlərimizin təməlində dövlətin uğurlu idman siyasəti dayanır

Nailiyyətlərimizin təməlində dövlətin uğurlu idman siyasəti dayanır

Azərbaycan idmançıları öz davranışları ilə Azərbaycan xalqının mədəniyyətini, dəyərlərini və milli kimliyini təcəssüm etdirir

Prezident  İlham Əliyev uğur qazanmış güləşçilərimizi qəbul edərkən  çıxışında idmançıların yalnız yarış meydanında deyil, eyni zamanda gündəlik həyatda da nümayiş etdirdikləri davranışın böyük əhəmiyyət daşıdığını xüsusi vurğulayıb. O qeyd edib ki, idmançı ölkəsini təmsil edən bir simadır və onun hər bir addımı, davranışı, münasibəti bütövlükdə dövlətin və xalqın imicinə təsir göstərir. Bu baxımdan idmançılarımızın həm mübarizə zamanı, həm də yarışdan kənarda özlərini ləyaqətli, təmkinli və məsuliyyətli aparmaları olduqca vacibdir.
Dövlət başçısı bildirib ki, idmanda bəzən hakim səhvləri və ya ədalətsiz qərarlar qaçılmaz olur.

Belə hallar xüsusilə beynəlxalq yarışlarda, o cümlədən Avropa Çempionatları çərçivəsində daha çox müşahidə oluna bilər. Prezident qeyd edib ki, Azərbaycan idmançılarına qarşı müəyyən hallarda qərəzli yanaşmaların şahidi olunub və bu, təkcə güləşdə deyil, digər idman növlərində də özünü göstərib. Onun sözlərinə görə, bəzi dairələr Azərbaycanın beynəlxalq arenada, xüsusilə Avropa məkanında güclü rəqib kimi çıxış etməsini və davamlı qələbələr qazanmasını həmişə eyni dərəcədə müsbət qarşılamırlar.

Bununla belə, Prezident vurğulayıb ki, məhz belə çətin və bəzən ədalətsiz şəraitdə idmançıların özlərini daha da təmkinli aparmaları, emosiyalarına nəzarət etmələri və yüksək idman etikası nümayiş etdirmələri onların peşəkarlığını və mənəvi gücünü göstərir. Əsl çempion yalnız qalib gəldiyi zaman deyil, haqsızlıqla üzləşdiyi anlarda da öz ləyaqətini qoruyan şəxsdir. Bu keyfiyyətlər Azərbaycan idmançılarında formalaşıb və bu, ölkəmizin idman mədəniyyətinin əsas göstəricilərindən biridir.

Dövlət başçısı idmançılara müraciət edərək bildirib ki, harada çıxış etmələrindən asılı olmayaraq – istər yarış meydanında, istərsə də gündəlik həyatda – hər zaman yüksək davranış standartlarına sadiq qalmalıdırlar. Onlar yalnız öz uğurlarına görə deyil, həm də nümayiş etdirdikləri mədəniyyətə, etik davranışa və insanlara olan münasibətlərinə görə qiymətləndirilirlər.

Prezident İlham Əliyev qeyd edib ki, bu prinsiplər yalnız peşəkar idmançılar üçün deyil, bütövlükdə Azərbaycanı təmsil edən bütün idman ictimaiyyəti üçün keçərlidir. Çünki idman ölkənin güzgüsüdür və hər bir idmançı öz davranışı ilə Azərbaycan xalqının mədəniyyətini, dəyərlərini və milli kimliyini təcəssüm etdirir.
Dövlət başçısı əminliyini ifadə edib ki, Azərbaycan idmançıları bundan sonra da həm qələbələri, həm də nümunəvi davranışları ilə seçiləcək, beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edəcək və hər bir azərbaycanlının qürur mənbəyi olaraq qalacaqlar.


Ataş Əsədov
Neftçala rayonu