Neftin kəskin bahalaşması arzuolunmazdır – ŞƏRH

Neftin kəskin bahalaşması arzuolunmazdır

Son dövrlər dünya bazarında neft və qaz qiymətlərində ciddi artım müşahidə olunur. Azərbaycan Prezidenti İlham Əliyev də neftin bahalaşması faktına münasibət bildirib. XIII Qlobal Bakı Forumunun açılış mərasimində dövlət başçısı qeyd edib ki, qeyri-tarazlı və kəskin bahalaşma təkcə istehlakçılar üçün deyil, hətta enerji ixrac edən ölkələr üçün də arzuolunan deyil. Onun sözlərinə görə, daha balanslı və proqnozlaşdırılan enerji qiymətləri həm bazarın sabitliyi, həm də iqtisadi planlaşdırma baxımından daha məqsədəuyğundur.

Bəs neftin həddindən artıq bahalaşması neft ixrac edən ölkələr üçün niyə əlverişli deyil?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Fuad İbrahimov bildirib ki, neftin kəskin bahalaşması "idxal inflyasiyası"nın artmasına səbəb olur.

Ekspertin sözlərinə görə, enerji daşıyıcılarını idxal edən ölkələrdə xərclər artdıqca yerli istehsal bahalaşır; nəticədə həmin bahalaşan məhsullar digər dövlətlərə, o cümlədən neft satan ölkələrə də yüksək qiymətlərlə ixrac olunur. Bu baxımdan, iqtisadçı neftin kəskin sıçrayışındansa, qiymətlərin optimal səviyyəyə qədər yüksəlməsini daha məqsədəuyğun hesab edir:

“Azərbaycanın idxal həcmi böyükdür. Neft bahalaşanda idxal olunan mallar vasitəsilə ölkəmizdə də qiymət artımı baş verir. Bir sözlə, ümumi iqtisadi tarazlıq pozulanda bu, digər ölkələrə də birbaşa təsir göstərir. Sabitlikdən yaxşı heç nə yoxdur. Sabitlik olanda iqtisadiyyatda uzunmüddətli perspektivləri, istehsal prosesini və biznes mühitini proqnozlaşdırmaq mümkün olur. Qiymətlər kəskin dəyişəndə isə bunu etmək çox çətindir”.

F.İbrahimov qeyd edib ki, bu qanunauyğunluq səbəbindən neft bahalaşanda gəlirlərlə yanaşı, xərclər də artır:

“Neft bahalaşmışdı, sonra yenidən ucuzlaşdı, lakin qiymətlərin yenidən qalxma ehtimalı var. Biz neft amilindən asılı olduğumuz üçün bahalaşan neft gəlirlərimizin artmasına rəvac verir. Hazırkı bahalaşma fonunda büdcəyə proqnozlaşdırdığımızdan daha çox vəsait daxil olur”.