Nəqliyyat dəhlizləri Azərbaycanın tranzit imkanlarını artırıb - Prezidentin köməkçisi
Son 5 ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 2 dəfədən çox artaraq 52 milyard dollara çatıb.
Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Gömrük-Biznes Forumu 2024: Dialoq” tədbirində çıxışı zamanı deyib.
Şahmar Mövsümov qeyd edib ki, gömrük prosedurlarının sadələşdirilməsi, bürokratik maneələrin aradan qaldırılması sayəsində yerli və xarici investorlar üçün daha əlverişli imkanlar yaradılıb. Onun sözlərinə görə, nəqliyyat dəhlizləri Azərbaycanın tranzit imkanlarını artırıb və biznes subyektləri üçün əhəmiyyətli imkanlar yaradıb: “Xüsusilə Orta Dəhliz vasitəsilə Çindən Avropaya daşınan yüklərin tranzit müddəti 8-10 günə qədər azalıb”.

