Orxan Məmmədov Avstriyaya gedib
Azərbaycan və Avstriyanın işgüzar dairələri, xüsusilə KOB subyektləri arasında əlaqələrin genişləndirilməsi, mümkün əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi, eləcə də bu ölkədə biznesə dəstək alətləri barədə məlumat və təcrübə mübadiləsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Vyana şəhərində səfərdə olublar.
Səfər Azərbaycan və Avstriyanın iş adamları arasında əlaqələrin genişləndirilməsi, əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi, KOB-lara göstərilən dəstək alətləri barədə qarşılıqlı məlumat və təcrübə mübadiləsi məqsədilə təşkil olunub.
Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə baş tutan səfər çərçivəsində Avstriyanın biznesə dəstək göstərən müxtəlif qurumlarında görüşlər keçirilib.
Avstriya Biznes Agentliyinin idarəedici direktoru Rene Tritsçer və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov arasında görüşdə hər iki ölkənin biznesə dəstək mexanizmləri barədə qarşılıqlı məlumat verilib, iş adamları arasında əməkdaşlığın inkişaf etdirilməsi, bu sahədə mövcud potensialdan istifadə və hər iki qurumun prosesə verə biləcəyi dəstək müzakirə edilib. “B2B” əlaqələrin genişləndirilməsi, eləcə də agentliklər arasında sistemli məlumat və təcrübə mübadiləsinin aparılması üçün əməkdaşlıq sənədinin imzalanması, biznesin müxtəlif sahələri üzrə qarşılıqlı biznes missiyaların təşkili də görüşdə müzakirə edilən məsələlər arasında olub.
Avstriya Federal İqtisadiyyat Palatasının vitse-prezidenti Filip Qadi ilə görüşdə iş adamları arasında biznes və ticarət sahəsində əlaqələrə, investisiya qoyuluşu imkanlarına, işgüzar əməkdaşlığın daha da genişləndirilməsi üçün KOBİA və palatanın birgə təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb.
Avstriyanın Federal Əmək və İqtisadiyyat Nazirliyinin şöbə müdiri Florian Frauşer ilə görüşdə ölkələrimiz arasında biznes sahəsində əməkdaşlıq imkanları, iş adamlarının iştirakı ilə birgə təşəbbüslərin reallaşdırılmasına dəstəyə dair fikir mübadiləsi aparılıb.
Avstriya-Azərbaycan Ticarət Palatasının nümayəndələri ilə görüşdə isə palatının hər iki ölkənin iş adamları arasında əlaqələrin genişlənməsinə töhfə verdiyi vuğulanıb, palatanın ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün planları, işgüzar dairələr arasında əməkdaşlığın inkişafı üçün KOBİA-nın dəstəyi müzakirə edilib.
Səfər çərçivəsində Azərbaycanın Avstriyadakı səfirliyində KOBİA nümayəndələri və azərbaycanlı iş adamları arasında görüş keçirilib. Görüşdə Avstriyada çalışan azərbaycanlı iş adamlarının fəaliyyətinə, iki ölkə arasında investisiya qoyuluşuna, ticarət əlaqələrinin inkişafı və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Səfər zamanı həmçinin KOBİA nümayəndələri Vyana şəhərində azərbaycanlı sahibkarın "GalerieGünes" xalça mağazasında, “Meixner Vermessung” şirkətində olublar.