“PwC”nin hesabatları ifşa olundu: Uydurma istinadlar, yanlış məlumatlar
Dünyanın “Böyük Dördlük” audit və konsaltinq şirkətlərindən biri olan “PwC”nin Yaxın Şərq bölməsinin dərc etdiyi hesabatlarda süni intellektdən istifadə ilə əlaqələndirilən uydurma məlumat və istinadlar aşkarlanıb.
Bu barədə süni intellekt tərəfindən yaradılmış mətnlərin aşkarlanması üzrə ixtisaslaşan “GPTZero”nun apardığı araşdırmada bildirilir.
Araşdırma “PwC Middle East” tərəfindən 2024–2026-cı illərdə yayımlanmış 4 hesabatı əhatə edib. “GPTZero” bildirir ki, sənədlərdə uydurulmuş istinadlar, mənbələrlə təsdiqlənməyən iddialar, eləcə də mətn və formatlaşdırma ilə bağlı çoxsaylı problemlər müəyyən olunub.
Söhbət “İdarəetmənin transformasiyası: Vətəndaş nəbzi" (Transforming Governance: Citizen Pulse), “Körfəz Əməkdaşlıq Şurasında mobillik mənzərəsinin formalaşdırılması – elektrikləşdirilmiş, əlaqəli və avtonom nəqliyyat" (Shaping the GCC Mobility Landscape – Electric, Connected and Autonomous), “Kiberdavamlı elektromobillik ekosisteminin qurulması" (Building a Cyber-Resilient eMobility Ecosystem) və “Agent əsaslı süni intellekt – Generativ süni intellektdə yeni üfüq" (Agentic AI – The New Frontier in GenAI) adlı hesabatlardan gedir.
Araşdırmada ən ciddi problemlərin “İdarəetmənin transformasiyası" (Transforming Governance) hesabatında aşkarlandığı bildirilir. Sənəddə “Vətəndaş nəbzi" (Citizen Pulse) adlı “PwC” çərçivəsinin Danimarka, Səudiyyə Ərəbistanı, ABŞ və Avstraliya hökumətləri tərəfindən dövlət xidmətlərinin təkmilləşdirilməsi məqsədilə istifadə edildiyi iddia olunur.
Lakin “GPTZero”nun yoxlamasına görə, hesabatda göstərilən mənbələrin heç biri bu iddianı təsdiqləmir. Araşdırmaçılar “Vətəndaş nəbzi"nin (Citizen Pulse) sözügedən hesabatdan kənarda “PwC”nin bu formada təqdim edilən məhsulu və ya metodologiyası kimi mövcudluğunu təsdiqləyən kifayət qədər açıq məlumat da tapa bilməyiblər.
“GPTZero”nun məlumatına görə, “İdarəetmənin transformasiyası" (Transforming Governance) hesabatındakı 17 mənbədən yalnız 10-u sənəd daxilində konkret istinadlarla əlaqələndirilib. Araşdırma nəticəsində iki istinad açıq şəkildə uydurma kimi qiymətləndirilib, digər bir sıra istinadların isə yoxlanılmasının mümkün olmadığı və ya mövcud mənbələrlə yalnız qismən uyğunlaşdığı bildirilib.
“GPTZero”nun AI Detector sisteminə əsasən, “Transforming Governance” hesabatının tamamilə süni intellekt tərəfindən yaradılmış olması ehtimalı 84% qiymətləndirilib.
Digər üç hesabatda da problemlər müəyyən edilib. Məsələn, elektrik avtomobilləri ilə bağlı hesabatda Çində 2024-cü ildə 13 milyon ictimai enerji doldurma məntəqəsinin olduğu göstərilib. “GPTZero” isə Beynəlxalq Enerji Agentliyinin məlumatlarını yoxlayaraq həmin göstəricinin əslində 3,58 milyon olduğunu bildirir. 13 milyon rəqəmi isə Çində 2010-cu ildən bəri satılmış elektrik avtomobillərinin sayı ilə əlaqəlidir. Araşdırmaçılar bunun məlumatların qarışdırılması nəticəsində yarandığını qeyd edirlər.
Araşdırmanın diqqətçəkən başqa bir detalı “Building a Cyber-Resilient eMobility Ecosystem” hesabatındakı istinadlardan biri ilə bağlıdır. “GPTZero” həmin istinadın URL-ində “utm_source=chatgpt.com” parametrinin olduğunu müəyyən edib və bunu linkin ChatGPT vasitəsilə əldə edilməsinin göstəricisi kimi qiymətləndirib.
Ümumilikdə, “GPTZero” araşdırılan dörd “PwC Middle East” hesabatında generativ süni intellektdən istifadə nəticəsində yarandığını düşündüyü 4 uydurma istinad müəyyən edib. Bunlardan ikisi “Transforming Governance” hesabatında, digər ikisi isə başqa hesabatlarda aşkarlanıb. (plat.az)


