İşəgötürənlərin diqqətini çəkən “LinkedIn” profili necə olmalıdır?

İşəgötürənlərin diqqətini çəkən “LinkedIn” profili necə olmalıdır?

Ardıcıl olaraq vakansiyalara müraciət edir, amma nəticə ala bilmirsinizsə, problem təkcə CV-də olmaya bilər. “LinkedIn” profilindən düzgün istifadə işəgötürənlərin sizi tapmasını və yeni iş imkanlarından xəbərdar olmağınızı asanlaşdıra bilər.

“LinkedIn” ilk baxışda onlayn CV təsiri bağışlasa da, əslində işəgötürənlərin namizəd axtardığı, peşəkar əlaqələrin qurulduğu və şəxsi karyera brendinin formalaşdırıldığı platformadır.

Mənbə “LinkedIn”dən iş axtarışı zamanı daha səmərəli istifadə etmək üçün bir sıra tövsiyələr təqdim edib.

1. Güclü profil yaradın

İlk addım dolğun “LinkedIn” profili yaratmaqdır. Profilinizi mütəmadi olaraq yeniləmək, yeni iş təcrübəsi, bacarıq və nailiyyətlərinizi əlavə etmək tövsiyə olunur.
Mənbəyə görə, profil üzərində edilən yeniliklər onun daha aktiv görünməsinə və potensial işəgötürənlərin diqqətini çəkməsinə kömək edə bilər.

2. Düzgün profil şəkli seçin

Şəkilsiz profil natamam və passiv təsir bağışlaya bilər. Buna görə yüksək keyfiyyətli və iş mühitinə uyğun fotodan istifadə etmək məsləhətdir. Selfi və qrup şəkilləri əvəzinə, şəxsin aydın göründüyü, səmimi və peşəkar təsir bağışlayan foto daha uyğun hesab olunur. Profilə arxa fon şəkli də əlavə etmək mümkündür. Burada gördüyünüz iş, layihə və ya fəaliyyət sahənizlə bağlı vizualdan istifadə edilə bilər.

3. Diqqətçəkən profil başlığı yazın

Profil başlığı potensial işəgötürənin ilk gördüyü məlumatlardan biridir. Buna görə sadəcə “tələbə” kimi ümumi ifadə yazmaq əvəzinə, hansı sahədə çalışdığınızı və ya hansı istiqamətdə karyera qurmaq istədiyinizi göstərmək daha məqsədəuyğundur.

Məsələn, başlıqda eyni anda bir neçə istiqaməti göstərmək olar: “Oyun dizayneri olmağa hazırlaşır | Siyasi bloq müəllifi | Mükafatlı tələbə yazar”.
İşə qəbul mütəxəssislərinin sizi daha asan tapması üçün qeyri-adi söz oyunlarından çox, vakansiyalarda istifadə edilən konkret açar sözlərə üstünlük vermək tövsiyə olunur.

4. Özünüz haqqında peşəkar xülasə yazın

“About” bölməsində nailiyyətlərinizi, karyera hədəflərinizi və işəgötürənə hansı faydanı verə biləcəyinizi qısa şəkildə təqdim etmək olar.
Mənbə bu hissənin təxminən 50-100 sözlə yığcam hazırlanmasını və işə qəbul mütəxəssislərinin axtara biləcəyi açar sözlərdən istifadə edilməsini məsləhət görür.

5. İş təcrübənizi düzgün təqdim edin

Profilə əvvəlki iş yerləri ilə yanaşı, keçdiyiniz kursları, könüllü fəaliyyətinizi və digər uyğun təcrübələri əlavə etmək mümkündür.
Lakin hər şeyi profilə yerləşdirmək vacib deyil. Karyeranıza dəyər qatan və işəgötürən üçün əhəmiyyətli ola biləcək məlumatlara üstünlük verilməlidir.
Əsas məqam isə yalnız “nə etmişəm?” sualına deyil, “nə nəticə əldə etmişəm?” sualına da cavab verməkdir.

6. Bacarıqlarınızı təsdiqlədin və tövsiyələr alın

Hazırkı və keçmiş iş yoldaşlarından, rəhbərlərdən profiliniz üçün tövsiyə almaq bacarıq və təcrübənizin daha inandırıcı görünməsinə kömək edə bilər.
Bacarıqlar bölməsində yalnız “liderlik” və “komanda işi” kimi ümumi ifadələrlə kifayətlənmək tövsiyə edilmir. İşinizdə istifadə etdiyiniz konkret proqramlar, texnologiyalar və peşəkar bacarıqları da göstərmək olar.
Əlaqələriniz həmin bacarıqları “endorsement” vasitəsilə təsdiqləyə bilərlər.

7. “LinkedIn”in iş axtarışı funksiyasından istifadə edin

Platformada çoxsaylı vakansiyalar yerləşdirilir. İş axtarışı bölməsindən istifadə etməklə uyğun elanları tapmaq və yeni vakansiyalar üçün bildirişləri aktivləşdirmək mümkündür.
Həmçinin işləmək istədiyiniz şirkətləri izləməklə onların yeni vakansiyalarından, məzun proqramlarından və genişlənmə planlarından daha tez xəbər tutmaq olar.
“Save the Student”in əməliyyat direktoru Ceyk Batler bildirir ki, şirkət yeni əməkdaş axtararkən namizədlərin “LinkedIn” profillərini də yoxlayır. O, buna görə profilin aktual və peşəkar saxlanılmasının vacibliyini vurğulayır.

8. Uğurlarınızı paylaşın

Mükafat, uğurlu layihə, yüksək nəticə və ya başqa peşəkar nailiyyət əldə etmisinizsə, bunu “LinkedIn”də paylaşmaqdan çəkinməmək tövsiyə olunur.
Paylaşımlar yalnız uğurlarla məhdudlaşmaya bilər. Qarşılaşdığınız çətinliklər, uğursuzluqlardan çıxardığınız nəticələr və fəaliyyət sahənizlə bağlı aktual məsələlər haqqında da yazmaq olar.
Digər insanların faydalı paylaşımlarını bəyənmək və paylaşmaq da şəbəkədə aktivliyinizi artırmağa kömək edir.

9. Peşəkar əlaqələr qurun

“LinkedIn”in əsas üstünlüklərindən biri peşəkar şəbəkə yaratmaq imkanıdır.
Birlikdə işlədiyiniz və ya təhsil aldığınız şəxslərlə əlaqə qurmaq, lazım gəldikdə onların sizi başqa mütəxəssislərlə tanış etməsini istəmək mümkündür.
Platforma müsahibədən sonra müsahibə götürən şəxslə və ya təcrübə proqramlarında tanış olduğunuz mütəxəssislərlə əlaqəni qorumaq üçün də istifadə edilə bilər.
Sahənizdə çalışan digər insanların profillərinə baxmaq onların hansı karyera yolunu keçdiyini, hansı şirkətlərdə işə başladığını və profillərini necə hazırladığını görməyə imkan verir.

10. Məxfilik parametrlərini düzgün qurun

“LinkedIn”in məxfilik parametrləri digər sosial şəbəkələrdən müəyyən qədər fərqlənir. Buna görə profilinizdə hansı məlumatların hamıya, hansının yalnız əlaqələrinizə görünəcəyini yoxlamaq vacibdir.
Profilinizdə dəyişiklik etdikdə bunu bütün əlaqələrinizlə paylaşmamaq üçün müvafiq bildiriş funksiyasını söndürmək mümkündür.
Digər mühüm məqam profil baxışlarıdır. Adətən başqa şəxsin profilinə daxil olduqda həmin şəxs bunu görə bilir. Anonim baxış rejimini aktivləşdirmək mümkündür, lakin bu halda sizin profilinizə kimlərin baxdığını görmək imkanınız da məhdudlaşır.

Bundan əlavə, platformada mövcud işəgötürənə açıq şəkildə göstərmədən yeni iş imkanlarını araşdırmağa imkan verən məxfilik seçimləri mövcuddur.
Profilin internet axtarışlarında daha asan tapılması üçün onun URL ünvanını ad, peşə və ya uyğun açar sözlərlə fərdiləşdirmək də mümkündür.

Valyuta.az