“Qara Qarayev” kitabının təqdimat mərasimi keçirilib - FOTOLAR

“Qara Qarayev” kitabının təqdimat mərasimi keçirilib

Aprelin 28-də Avropa Azərbaycan Məktəbində futbol üzrə Azərbaycan futbol millisinin sabiq üzvü, uzun illər “Qarabağ” klubunun formasını geyinmiş Qara Qarayevin həyat və karyerasından bəhs edən “Qara Qarayev” kitabının təqdimat mərasimi və imza günü keçirilib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, kitabın müəllifi, yazıçı Murad Aksoy, kitabın qəhrəmanı, tanınmış futbolçu Qara Qarayev və digər şəxslər iştirak ediblər.

Qeyd edək ki, TEAS Press Nəşriyyat evi tərəfindən çap edilən ​​​​​​bu kitab Azərbaycan milli yığmasının müdafiəçisi, uzun illər “Qarabağ” FK-nın forması ilə mübarizə aparmış Qara Qarayevin həyatından bəhs edir. Qara Qarayevin futbol meydanında apardığı mübarizənin məqsədi təkcə hesabda üstünlük deyildi. O, meydana çıxanda həm futbol üçün, həm də uzun illər işğal altında olan Qarabağın adını, haqq savaşını, mübarizəsini dünyaya çatdırmaq üçün oynayırdı. Hər qələbə, “Qarabağ”ın hesabına yazılan hər qol zəfərə doğru atılan addım idi. Məcburi köçkünlük dövründən keçən bir klubun və eyni taleyi yaşayan oyunçunun uğurunun sirri də hər zaman qələbəyə olan inam idi. Azərbaycanda bir futbolçunun mürəkkəb uğur yolunu işıqlandıran bu bioqrafik əsər yeniyetmə və gənclər üçün yaxşı motivasiya olacaq. Onlara xəyallarının ardınca getməyə stimul verəcək.