Qarabağ yaradıcı dövlət modelinin simvoluna çevrilməkdədir - ŞƏRH
Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura son səfərləri bir daha göstərdi ki, Azərbaycan artıq postmüharibə dönəminin ən mürəkkəb mərhələsini geridə qoyaraq, genişmiqyaslı dirçəliş və reinteqrasiya mərhələsinə daxil olub. Bu səfərlər təkcə yeni obyektlərin açılışı və ya təməlqoyma mərasimləri ilə məhdudlaşmır; onlar dövlətin strateji baxışını, siyasi iradəsini və gələcək inkişaf modelini nümayiş etdirən mühüm hadisələrdir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrə baxdıqda aydın görünür ki, burada məqsəd dağıdılmış infrastrukturu bərpa etməkdən daha üstün - tamamilə yeni, çağdaş və dayanıqlı yaşam modeli formalaşdırmaqdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova bildirib.
Onun sözlərinə görə, bu gün azad olunmuş ərazilərdə yolların, tunellərin, körpülərin, hava limanlarının, enerji və kommunikasiya xətlərinin qurulması bölgənin Azərbaycanın ümumi iqtisadi və sosial sisteminə sürətli inteqrasiyasını təmin edir: "Eyni zamanda, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi Qarabağın gələcəyinin innovativ inkişaf üzərində qurulduğunu göstərir. Bu, həm də dünyaya verilən bir ismarıcdır. Yəni, Azərbaycan işğaldan azad olunmuş torpaqları yalnız bərpa etmir, onları XXI yüzilliyin ən çağdaş inkişaf məkanlarından birinə çevirməyə çalışır.
Ən vacib məsələlərdən biri isə insanların öz doğma yurdlarına qayıdışıdır. Uzun illər həsrət və məcburi köçkünlük həyatı yaşamış insanların yenidən ata-baba torpaqlarında məskunlaşması Azərbaycanda yeni mənəvi-psixoloji gerçəklik yaradır. Bu qayıdış milli yaddaşın bərpası, tarixi ədalətin təmin olunması və dövlət-vətəndaş münasibətlərində güvənin daha da güclənməsi deməkdir. Qarabağa qayıdan insanlar keçmişin ağrılarından daha çox, gələcəyin ümidlərini də özləri ilə aparırlar".
QHT sədri onu da qeyd edib ki, bu proses, eyni zamanda, Azərbaycanın siyasi və geosiyasi mövqeyini də gücləndirir: "Çünki Qarabağda aparılan quruculuq işləri bölgədə uzunmüddətli sabitliyin, təhlükəsizliyin təmin olunmasına xidmət edir. Yeni yollar və logistika xətləri, Zəngəzur bölgəsinin kommunikasiya imkanları, yaşıl enerji layihələri bütövlükdə Güney Qafqazın iqtisadi xəritəsini dəyişdirəcək potensiala malikdir. Bu baxımdan, Qarabağın dirçəldilməsi milli layihə olduğu qədər, regional işbirliyi və inkişaf layihəsi kimi də qiymətləndirilə bilər.
Digər tərəfdən, işğal dönəmində törədilmiş dağıntılar – urbisid, ekosid və kultursid faktları beynəlxalq ictimaiyyətin diqqətində saxlanılmalıdır. Çünki burada söhbət yalnız müharibənin nəticələrindən getmir. Məqsədli şəkildə şəhərlərin yerlə-yeksan edilməsi, yaşayış məntəqələrinin tamamilə viran qoyulması, məscidlərin, digər tarixi-mədəni abidələrin təhqir olunması, qəbristanlıqların dağıdılması, meşələrin məhv edilməsi və təbii sərvətlərin qeyri-qanuni istismarı beynəlxalq humanitar hüquq baxımından ciddi məsuliyyət doğuran məsələlərdir. Xüsusilə Ağdamda ortaya çıxan mənzərə bir çox beynəlxalq ekspertlər tərəfindən “Qafqazın Xirosiması” kimi xarakterizə olunub. Füzuli, Cəbrayıl və digər şəhərlərə də şamil olunan belə faktların siyasi bəyanat səviyyəsindən üstün - hüquqi, elmi və media müstəvisində də sistemli şəkildə sənədləşdirilməsi önəm daşıyır".
A.Bağırova qeyd edib ki, beynəlxalq təşkilatlarla işbirliyi çərçivəsində urbisid, ekosid və kultursid anlayışlarının Qarabağ örnəyi üzərindən hüquqi presedent kimi gündəmə gətirilməsi vacibdir. Akademik dairələrdə, beynəlxalq konfranslarda və insan hüquqları platformalarında bu məsələlərin davamlı müzakirəsi gələcəkdə oxşar cinayətlərin qarşısının alınmasına da töhfə verə bilər.
Ən önəmli məqamlardan biri isə budur ki, Azərbaycan Qarabağı yalnız dağıntıların simvolu kimi təqdim etmir. Əksinə, bu gün dünya dağıdılmış, minalanmış məkanların necə yenidən həyata qaytarıldığını, viranəlikdən çağdaş yaşayış mühitinin necə qurulduğunu görür. Bu baxımdan, Qarabağ artıq müharibə yaddaşından daha çox, dirçəliş fəlsəfəsinin, milli iradənin və yaradıcı dövlət modelinin simvoluna çevrilməkdədir",-deyə o vurğulayıb.


