Qazaxıstan və Azərbaycan müstəqillik yolunda inamla irəlləyir

Qazaxıstan və Azərbaycan müstəqillik yolunda inamla irəlləyir

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayev tərəfindən Qazaxıstanın "Altın kıran" - "Qızıl qartal" ali ordeni təqdim olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli siyasi, iqtisadi və mədəni münasibətlərin möhkəmlənməsinə və inkişafına xüsusi töhfəsinə görə "Altın kıran" ordeni ilə təltif edilməsi haqqında Qazaxıstan Prezidentinin Fərmanı oxunduqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək bildirmişdir ki, möhtərəm Kasım-Jomart Kemeleviç, mənim əməyimi yüksək qiymətləndirdiyinizə görə Sizə səmimi-qəlbdən təşəkkür etmək istərdim. Mən çox fəxr edirəm ki, Siz məni qardaş ölkə olan Qazaxıstanın ali ordeni ilə təltif etməyi lazım bilmisiniz. Bundan sonra da bizim dostluq və qardaşlıq münasibətlərinin inkişafına töhfə vermək üçün öz tərəfimdən əlimdən gələni edəcəyəm. Bizim xalqlarımızı ortaq tarix, ortaq köklər bağlayır. Bu gün Qazaxıstan və Azərbaycan müstəqillik yolunda inamla irəliləyən iki müstəqil dövlət kimi iqtisadiyyatın inkişafında, sosial məsələlərin həllində yüksək sürət nümayiş etdirir, dünya arenasında ölkələrimizin nüfuzu artır. Mən bu mükafatı bütün Azərbaycan xalqına hörmət əlaməti hesab edirəm. Bu mükafatı Siz təqdim etdiyinizə görə xüsusi qürur duyuram.

Sizin qeyd etdiyiniz kimi, bu gün biz, ikitərəfli gündəliyin bir çox məsələlərinə və beynəlxalq inkişaf məsələlərinə dair ətraflı söhbət etdik. Mən artıq demişəm, bir daha təsdiqləmək istəyirəm ki, Sizin yürütdüyünüz islahatlar kursunu tamamilə dəstəkləyirik. Sizin yürütdüyünüz siyasət Qazaxıstanın, Qazaxıstan xalqının milli mənafelərinə tamamilə uyğundur. Artıq qazanılmış uğurlar Sizin seçdiyiniz kursun düzgün olmasına dəlalət edir. Qazaxıstan xalqının bu kursu dəstəkləməsi bir daha onu göstərir ki, bizə qardaş olan Qazaxıstan düzgün yolla gedir. Əminəm ki, Siz qarşıya qoyduğunuz bütün hədəflərə çatacaqsınız. Lakin bu yüksək mükafat mənim, əlbəttə ki, münasibətlərimizin möhkəmləndirilməsi yolunda bundan sonrakı fəaliyyətimdə üzərimə vəzifələr qoyur. Əmin ola bilərsiniz ki, Qazaxıstan ilə münasibətlər bundan sonra da Azərbaycanın xarici siyasətində prioritet olacaq

Prezident cənab İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir.

Dilarə Qazıyeva
Göygöl şəhər 1 nömrəli tam orta məktəbin əməkdar müəllimi