Tarixi Zəfərin möhtəşəm görüntüsü!

Tarixi Zəfərin möhtəşəm görüntüsü!

Düz üç il öncə paytaxt Bakının ən böyük meydanında-Azadlıq meydanında keçirilən və  tarixi Qələbəmizin möhtəşəm təntənəsi olan Zəfər paradı Ölkə başçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun erməni faşizmi üzərində qalibiyyətinin qürürlu nümayişi olmaqla yanaşı, eyni zamanda Azərbaycan xalqının əzm və qətiyyətinin, sarılmaz qüdrətinin parlaq təcəssümü idi.

Bu parad döyüşlərdən qalib çıxmış, düşməni “Dəmir Yumruq”la əzmiş əsgərlərimizin, zabitlərimizin, Zəfər yürüşü idi. 30 ilə yaxın bir müddət keçdikdən sonra 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun işğal altında qalan torpaqlarımızı azad edərək, xalqımıza qələbə sevinci yaşatması müasir tariximizin şanlı və qürürverici səhifəsinə çevrildi. Azərbaycan xalqının tarixi yaddaşına qızıl hərflərlə həkk edilmiş bu hadisə hər bir azərbaycanlının səbirsizliklə gözlədiyi möhtəşəm gün idi. Tarixi Qələbəmizin qürur və təntənəsinə çevirilmiş Zəfər paradı ilə bağlı cənab Prezident söyləmişdir: “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var.

Bu zəfər paradıdır. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.” Zəfər paradı Ordumuzun güc və qüdrətinin nümayişi ilə yanaşı eyni zamanda Ali Baş Komandan tərəfindən hərbi sahəyə xüsüsi yanaşmanın bariz nümayişi idi. Bizlər möhtəşəm görüntünün şahidi olmaqla cənab Prezidentin ölkəyə rəhbərlik etdiyi ötən illər ərzində hərbi quruculuq məsələsini əsas prioritet istiqamətlərdən biri olaraq qəbul etməsinin, ən müasir hərbi texnika, peşəkar ordu quruculuğu istiqamətində illərlə atılmış addımların əyani şahidi olduq. Azərbaycanın Vətən Müharibəsində möhtəşəm qələbəsinə həsr olunmuş Zəfər paradında 150-yədək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlərin nümayiş etdirilməsi Ordumuzun hərbi qüdrətinin parlaq təcəssümü idi. Zəfər paradı zamanı diqqəti çəkən bir məqam da Şuşa azad edildikdən sonra Azərbaycan hərbiçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağının parada gətirilməsi idi.

Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı Prezident cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qəbul etməsi xalqımızın tarix salnaməsinə qızıl hərflərlə yazıldı. Türkiyə hərbiçilərinin paraddakı keçidi və bu tarixi hadisə beynəlxalq İctimaiyyətlə yanaşı, həm də düşmənə verilən növbəti mesaj oldu. Eyni zamanda dünya bir daha gördü ki, Azərbaycan və Türkiyə bundan sonra da bütün məsələlərdə bir-birinin yanında olacaqdır. Cənab prezident, Ali Baş Komandan İlham Əliyev paradda çıxışı zamanı bu qardaşlığa toxunaraq bildirmişdir. “Bu birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürürlandırır, sevindirir. Bu gün biz birlikdə zəfər paradında iştirak edərkən bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda bütün dünyaya göstərdik.” Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik.

Şəfəq Balaşova;
Neftçala rayonu, müəllim