“Qazprom”un səhmləri son 17 ilin ən aşağı səviyyəsinə düşüb

“Qazprom”un səhmləri son 17 ilin ən aşağı səviyyəsinə düşüb

Moskva Fond Birjasının (MOEX) məlumatlarına görə, Rusiyanın “Qazprom” şirkətinin səhmləri 90 rubla düşüb. Bu, son 17 ilin ən aşağı səviyyəsidir.

MOEX indeksi 2,7 faiz azalaraq 2112 bəndə, dollarla ifadə olunan RTS indeksi isə 2,7 faiz azalaraq 858 bəndə düşüb. MOEX indeksi son bir ayda dəyərinin təxminən 16 faizini itirib, RTS indeksində isə 21 faiz itki qeydə alınıb.

Bəzi beynəlxalq media xəbərlərində Rusiyadan Çinə qədər uzanması planlaşdırılan “Sibir gücü – 2” layihəsinin dayandırıldığı iddia edilib.

Ukrayna müharibəsindən sonra tətbiq edilən sanksiyalar səbəbindən Rusiyanın Avropaya boru kəməri ilə təbii qaz ixracı əhəmiyyətli dərəcədə azalsa da, “Qazprom” Avropa bazarındakı itkilərini Asiyaya artan tədarüklə kompensasiya etməyə çalışıb.

Dünyanın ən böyük təbii qaz istehsalçılarından biri olan “Qazprom” şirkəti Ukrayna müharibəsindən əvvəl Avropanın əsas təbii qaz təchizatçısı idi.