Dünyanın ən böyük canlı orqanizmindən ilk dəfə olaraq səslər yayılıb
ABŞ-li səs operatoru və tədqiqatçı Ceff Rays Yer kürəsinin ən nəhəng canlı orqanizmi hesab edilən, Yuta ştatındakı nəhəng klonal qovaq meşəsinin - Pandonun kök sistemindən yayılan akustik titrəyişləri lentə alıb.
Aparılan təcrübənin materialları Amerika Akustika Cəmiyyətinin (ASA) illik toplantısında nümayiş etdirilib.
Pando təxminən 43 hektar ərazini əhatə edir və vahid, geniş şaxələnmiş kök şəbəkəsi ilə bir-birinə bağlı olan 47 000-ə yaxın genetik cəhətdən eyni qovaq gövdəsindən ibarətdir. Orqanizmin ümumi çəkisi təqribən 6 000 metrik ton olaraq qiymətləndirilir ki, bu da indiyədək məlum olan bütün canlı varlıqlardan daha çoxdur. Müxtəlif hesablamalara görə, Pandonun yaşı 12 000 ilə yaxındır.
Təcrübə məqsədilə Rays tufan zamanı ağac kökünün açıq hissəsinə sualtı mikrofon - hidrofon yerləşdirib. Səs yazılarında yağış zamanı köklər boyu yayılan aşağı tezlikli uğultular və titrəyişlər eşidilir. Tədqiqatçının fikrincə, bu səslər kök sisteminin mexaniki təsirlərə cavab reaksiyasını: yağış damcılarının yarpaq və budaqlara dəyməsini, yeraltı suların təzyiqinin dəyişməsini və ya leysan vaxtı kök şəbəkəsində nəmin yenidən paylanmasını əks etdirə bilər. Bu, Pandonun akustik fəaliyyətinin dinlənilməsinə dair sənədləşdirilmiş ilk təcrübədir.
Alimlər qeyd edirlər ki, səs yazılarının təhlili əlavə tədqiqatlar tələb edir. Qeydə alınan bu uğultunun yalnız kənar təsirlərə qarşı mexaniki reaksiya olduğu, yoxsa orqanizmin vəziyyəti haqqında bioloji əhəmiyyətli məlumat daşıdığı hələlik məlum deyil. Pando Yuta ştatının mərkəzindəki Fişleyk milli meşəsində yerləşir. Mal-qaranın həddindən artıq otarılması və gənc pöhrələrin sıxışdırılması səbəbindən koloniyadakı gövdələrin sayı getdikcə azalır. Bu isə ekoloqlarda unikal orqanizmin gələcəkdə sağ qalması ilə bağlı ciddi narahatlıq yaradır.
Canlı orqanizmlərin akustikası nisbətən yeni tədqiqat sahəsidir. Alimlər daha əvvəl quraqlıq zamanı ağacların çıxardığı səsləri qeydə almışdılar: bu zaman ksilema damarlarında ultrasəs diapazonunda kavitasiya tıqqıltıları yaranır. Lakin 43 hektar kök şəbəkəsinə malik vahid bir orqanizm olan Pandonun miqyası bitki sistemlərindəki akustik prosesləri öyrənmək üçün tamamilə yeni imkanlar açır.
Ceff Rays orqanizmin akustik profilinin torpağın su balansından və ağacların fizioloji vəziyyətindən asılı olaraq dəyişib-dəyişmədiyini aydınlaşdırmaq üçün fərqli fəsillərdə və müxtəlif hava şəraitində təcrübələri davam etdirmək niyyətindədir. Gələcəkdə əldə olunan məlumatlar iri klonal orqanizmlərin sağlamlıq vəziyyətinin izlənilməsi üçün yeni bir metoda çevrilə bilər.
oxu.az


