Qızıl bazarında niyə durğunluq yaranıb?–

Qızıl bazarında niyə durğunluq yaranıb?–

 Hazırda qızıl-zinət əşyaları bazarında müşahidə olunan vəziyyəti yalnız əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi ilə əlaqələndirmək düzgün olmazdı. Mövcud dinamika mövsümi tələbin, beynəlxalq qiymət dəyişikliklərinin və istehlakçı davranışının eyni vaxtda təsiri nəticəsində formalaşır.

Bunu İqtisadiyyat.az-a açıqlamasında Qiymətli metallar və qiymətli daşlar üzrə Texniki Komitənin sədri, iqtisadçı Rövşən Əmircanov deyib.

Onun sözlərinə görə, hazırkı dövrdə toy və nişan mərasimlərinin keçirilməməsi zərgərlik məmulatlarına olan mövsümi tələbin azalmasına səbəb olur:

“Azərbaycanda qızıl-zinət əşyalarının pərakəndə satış dövriyyəsinin mühüm hissəsi ənənəvi olaraq toy və digər ailə mərasimləri ilə bağlı olduğundan, belə dövrlərdə alıcı fəallığının, satış həcminin və ümumi bazar dövriyyəsinin zəifləməsi iqtisadi baxımdan təbii prosesdir. Bununla yanaşı, qızılın qiyməti yalnız daxili bazarda formalaşan tələb və təklif nisbəti ilə müəyyən edilmir. Qızılın bazar dəyəri beynəlxalq bazarlarda formalaşır. Yerli bazardakı son satış qiymətinə isə beynəlxalq kotirovkalarla yanaşı, məmulatın əyarı və çəkisi, istehsal və emal xərcləri, dizayn və işçilik haqqı, idxal, logistika və əməliyyat xərcləri, eləcə də pərakəndə satış marjası təsir göstərir”.

Komitə sədri vurğulayıb ki, qızılın qiyməti son dövrdə müəyyən korreksiyaya məruz qalsa da, son 1 il ərzində təxminən 33 faiz yüksəlib. Onun sözlərinə görə, qızıl məmulatlarının qiymətində müşahidə olunan artım, ilk növbədə, beynəlxalq qızıl bazarındakı qiymət dinamikası ilə əlaqədardır:

“Qızılın dünya bazarındakı qiymətinin formalaşmasına geosiyasi risklər, inflyasiya gözləntiləri, ABŞ Federal Ehtiyat Sisteminin monetar siyasəti, faiz dərəcələri, dövlət istiqrazlarının gəlirliliyi, mərkəzi bankların qızıl alışları, investisiya tələbi və maliyyə bazarlarındakı dəyişkənlik təsir göstərir. London Külçə Bazarı Assosiasiyası tərəfindən müəyyən edilən “LBMA Gold Price” qızıl üzrə əsas qlobal qiymət indikatorlarından biri hesab olunur. Bu baxımdan, hazırda bazarda müəyyən uyğunsuzluq müşahidə edilir: bir tərəfdən, alıcı sayı və satış dövriyyəsi azalır, digər tərəfdən isə satıcıların qiymətlərdə əhəmiyyətli endirim etməsi üçün kifayət qədər iqtisadi imkan yaranmır. Bunun əsas səbəblərindən biri mövcud mal ehtiyatlarının əvəzlənmə dəyərinin yüksək olmasıdır. Başqa sözlə, satıcı satış qiymətini əhəmiyyətli dərəcədə azaltdığı halda, sonradan həmin məhsul ehtiyatını mövcud bazar qiymətləri ilə yenidən formalaşdırmaqda çətinlik çəkə bilər”.

Mütəxəssis söyləyib ki, qızılın qiymətində uzunmüddətli artım istehlakçının eyni nominal büdcə ilə əvvəlki çəkidə və ya həcmdə zərgərlik məmulatı əldə etmək imkanlarını məhdudlaşdırıb: “Bu isə istehlak davranışının dəyişməsinə səbəb olub. Hazırda alıcılar daha aşağı çəkili, sadə dizaynlı və nisbətən münasib qiymətli məmulatlara üstünlük verir, bəzi istehlakçılar isə qiymətlərin sabitləşəcəyini gözləyərək alış qərarını təxirə salırlar. Mövcud vəziyyət tələbin aradan qalxması deyil, onun strukturunun dəyişməsi ilə xarakterizə olunur. Mərasim məqsədli və iri həcmli alışların payı azaldığı halda, gündəlik istifadə, hədiyyə, yığım və kapitalın dəyərinin qorunması məqsədilə həyata keçirilən alışlar müəyyən səviyyədə davam edir. Xüsusilə yüksək əyarlı qızıl sikkələrə və külçələrə olan maraq zərgərlik məmulatlarına tələbdən fərqli iqtisadi motivlərlə formalaşır. Bu kateqoriyada alıcı üçün dizayn və istehlak xüsusiyyətlərindən daha çox likvidlik, saflıq dərəcəsi və dəyərin uzunmüddətli qorunması ön plana çıxır”.

R.Əmircanov qeyd edib ki, qızılın gələcək qiymət perspektivinə gəldikdə, hazırkı dinamikanı kəskin və davamlı ucuzlaşma kimi deyil, əvvəlki sürətli qiymət artımından sonra formalaşan korreksiya və konsolidasiya mərhələsi kimi qiymətləndirmək daha düzgün olardı: “Yaxın dövr üçün daha real ssenari qiymətlərin müəyyən diapazonda yüksək volatillik nümayiş etdirməsidir. Qeyd olunan qlobal amillərin dinamikası qızılın növbəti dövr üzrə qiymət trayektoriyasını müəyyən edən əsas faktorlar olacaq. Toy mövsümü yenidən aktivləşdikdən sonra daxili bazarda alıcı fəallığının, satış həcminin və dövriyyənin müəyyən qədər artacağı gözlənilir. Bununla belə, mümkün canlanmanın miqyası yalnız mövsümi tələbin bərpasından deyil, həm də qızılın beynəlxalq bazardakı qiymətindən, əhalinin real gəlirlərindən, istehlakçı gözləntilərindən və ümumi makroiqtisadi şəraitdən asılı olacaq”.