Rəcəb Rəhimli vətəndaşların problemlərini dinləyib

Rəcəb Rəhimli vətəndaşların problemlərini dinləyib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, Ordubad Rayon İcra Hakimiyyəti tərəfindən rayon mərkəzi ilə yanaşı, kəndlərdə də mütəmadi vətəndaş qəbulları keçirilir, sakinlərin sosial-məişət qayğılarının öyrənilməsi və yaxşılaşdırılması, onların müxtəlif sahələrdə qarşılaşdıqları çətinliklərin aradan qaldırılması istiqamətində məqsədyönlü iş aparılır.

Ordubad Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Rəhimlinin növbəti səyyar qəbulu Yuxarı Əylis kəndində keçirilib. Qəbulda Yuxarı Əylis kəndi ilə yanaşı, ona qonşu olan Aşağı Əylis kəndinin sakinlərinin də müraciətləri və təklifləri dinlənilib.

Yuxarı Əylis kənd mərkəzində keçirilən qəbulda İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, müvafiq kəndlərin icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.

Vətəndaş qəbulunda çıxış edən İcra Hakimiyyətinin başçısı  Rəcəb Rəhimli bu gün Naxçıvan Muxtar Respublikasında, eləcə də Ordubad rayonunda böyük ruh yüksəkliyi ilə aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, sakinlərin sosial rifah halının yaxşılaşdırılması, məşğulluqlarının təmin olunması istiqamətində reallaşdırılan sosial layihələr barədə kənd sakinlərinə ətraflı məlumat verib. Qeyd edib ki, məmurla vətəndaş arasında qarşılıqlı fəaliyyətin bütün sahələr üzrə rolunun aktivləşdirilməsi iqtisadi və mədəni inkişafa böyük töhfə verir. Respublikamızda aparılan çoxşaxəli islahatlar əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edir. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin yaradılması ilə birlikdə dövlətlə vətəndaşların sıx, birgə əməkdaşlığı həyata keçirilir. Bu qarşılıqlı əlaqə mexanizmləri geniş infrastruktur layihələrinin, quruculuq işlərinin sürətli  şəkildə reallaşmasına böyük zəmin yaradır.

Qəbulda İcra Hakimiyyətinin başçısı kənd sakinlərinin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar müxtəlif mövzularda müraciətlərini dinləyib. İcra Hakimiyyətinin müvafiq  şöbələrinə  aid müraciətlər qanun çərçivəsində həlli üçün tapşırıqlar verilib, bəzi müraciətlər isə araşdırılması üçün qeydiyyata alınıb. Vətəndaşlar muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlardan və yenidənqurma işlərindən razılıqlarını ifadə ediblər.