“INMerge” İnnovasiya Sammiti 10 və 11 oktyabr 2024-cü il tarixlərində “PAŞA Holding”in təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində və Heydər Əliyev Mərkəzində baş tutacaq.
Regionun ən böyük innovasiya sammitinin məqsədi innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.
Bu il “INMerge” İnnovasiya Sammit tədbirində yutubun həmtəsisçisi Steve Chen iştirak edəcək. Eləcə də, təsdiqlənmiş spikerlər arasında “Amazon”un vitse-prezidenti və CTO-su Werner Vogels və “Avito”nun keçmiş baş icraçı direktoru Vladimir Pravdivy də var. Bununla yanaşı, “Paradox Strategies” və “InnovationForce” şirkətlərinin qurucusu, Harvard Biznes Məktəbinin professoru Linda Hill və Stenford Universitetin professoru Ilya Strebulaev də spikerlər siyahısına qoşulublar.
Onlarla yanaşı, ölkəmizdən “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov və ekosistem üzrə baş icraçı direktor Fərid Məmmədov, “Kapital Bank”ın baş icraçı direktoru Fərid Hüseynov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva və “4SİM” icraçı direktoru Fariz Cəfərov çıxış edəcəklər.
Qeyd edək ki, bu il sammitdə maliyyə texnologiyaları, rəqəmsallaşma, elektron ticarət, telekommunikasiya, əlavə dəyər xidmətləri, yeni iqtisadiyyat və digər sahələr müzakirə olunacaq.
Biletləri “www.inmerge.az” ünvanından əldə etmək olar. Ətraflı məlumat və biletləri əldə etmək üçün sammitin rəsmi səhifəsinə və sosial media hesablarına müraciət etməyiniz kifayətdir.