Sabitliyə və mədəni irsə qarşı yönəlmiş ağır cinayət

Sabitliyə və mədəni irsə qarşı yönəlmiş ağır cinayət

Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi işğal və vandalizm təkcə regionda deyil, dünya miqyasında sülhə, sabitliyə və mədəni irsə qarşı yönəlmiş ağır cinayətlərdir. 

Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacağını beş il öncə - 2020-ci ildə Ermənistan və onun havadarlarına onların başa düşdüyü dildə nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan müxtəlif beynəlxalq kürsülərdən, o zaman artıq keçmişdə qalmış problemin həlli ilə məşğul olmaq üçün “yaradılmış” qurum vasitəsilə işğalçı ölkəyə öz mesajlarını çatdırmışdı. Dəfələrlə bəyan edilmişdi ki, əgər Ermənistan silahlı qüvvələrini işğal altında saxladığı Azərbaycan ərazilərindən könüllü şəkildə çıxarmasa, Azərbaycan öz ərazi bütövlüyünü istənilən vasitə ilə, o cümlədən hərbi yolla bərpa etmək məcburiyyətində qalacaqdır.

Açıq və ədalətli xəbərdarlıqlara baxmayaraq, Ermənistan və onu dəstəkləyən bəzi dairələr Azərbaycanın iradəsini və xalqının qətiyyətini düzgün qiymətləndirmədilər. Nəticə isə onlar üçün olduqca ağır oldu. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan öz hərbi gücü, siyasi iradəsi və xalqının birliyi sayəsində Ermənistanı döyüş meydanında diz çökdürdü.

İşğalçı ölkə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla faktiki olaraq kapitulyasiya etməyə məcbur oldu və Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur qaldı. Bəli, bu, həm tarixi ədalətin bərpası, həm də beynəlxalq hüququn təntənəsi idi. Bu günlərdə tarixi Xankəndi şəhərində təşkil edilmiş İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin 17-ci Zirvə görüşündə qonaqları salamlayan Müzəffər Prezidentimiz cənab İlham Əliyev çıxış nitqində tarixi Zəfərin təntənəsinə xüsusi diqqət çəkdi. Bu səviyyəli tədbirin bir zamanlar viran qoyulmuş bir ərazidə keçirilməsi həqiqətən də ölkəmizin gücündən xəbər verir. Qısa zaman kəsiyində müasir ifrastruktur obyektlərinin yaradılması məqsədyönlü siyasətin bariz göstəricisidir. İşğal dövründə Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozaraq Azərbaycan ərazilərində misli görünməmiş vandalizm aktları həyata keçirmişdir. Qarabağ və Şərqi Zəngəzurda yerləşən şəhər və kəndlər demək olar ki, tamamilə yerlə-yeksan edilmiş, mülki infrastruktur dağıdılmış, təbii resurslar talan edilmişdir.

Azərbaycan xalqının tarixi, mədəni və dini irsi amansızcasına məhv edilmişdir. Ermənistan tərəfindən işğal altında saxlanmış ərazilərimizdə olan 67 məsciddən 65-i tamamilə dağıdılmış, digərləri isə ciddi zədələnmişdir. Eyni aqibət qəbiristanlıqlara da yaşadılıb. Minlərlə məzar dağıdılmış, qəbir daşları qəsdən sındırılmış və ya Ermənistana aparılaraq orada tikinti materialı kimi istifadə olunmuşdur. Bu faktlar təkcə Azərbaycanın deyil, ümumbəşəri mədəni irsin sistemli şəkildə məhv edildiyini sübut edən ciddi cinayətlərdir. Bu reallıqlar beynəlxalq ictimaiyyətə bir daha göstərir ki, Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi işğal və vandalizm təkcə regionda deyil, dünya miqyasında sülhə, sabitliyə və mədəni irsə qarşı yönəlmiş ağır cinayətlərdir. 

Elman Quliyev;
Neftçala rayon