Sahibkar qadın “Kapital Bank”ı və notariat ofisini məhkəməyə verdi
Sahibkar Qəribə Nəsirova Gəncə şəhəri 5 saylı notariat ofisinə və “Kapital Bank” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib.
İdiaçı ondan və digər şəxslərdən 31 607,36 manat məbləğində pulun bankın xeyrinə tutulması barədə notariat ofisinin icra qeydinin ləğv edilməsini xahiş edib.
İş üzrə mübahisənin əsasını kredit borcunun tutulması ilə əlaqədar verilmiş icra qeydinin qanuniliyinin yoxlanılması təşkil edib.
Gəncə Şəhər Məhkəməsi işə baxarkən tərəflər arasındakı münasibətlərin sahibkarlıq fəaliyyəti ilə bağlı olduğu qənaətinə gəlib.
Məhkəmə iddiaçının vergi uçotunda olmasını və bankla bağlanmış kredit müqaviləsinin kənd təsərrüfatı fəaliyyətinin inkişafı məqsədilə verilmiş aqrar kreditlə bağlı olmasını nəzərə alıb. Bu əsaslarla mübahisənin kommersiya məhkəməsinə aid olduğu hesab edilib və işin Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul olunub.
Gəncə Kommersiya Məhkəməsi isə mübahisənin məhkəmə aidiyyətini müəyyən etmək üçün iş materiallarını Ali Məhkəməyə göndərib.
Ali Məhkəmə işə baxarkən qeyd edib ki, iddiaçı Qəribə Nəsirovanın tələbi kredit borcunun mövcudluğunun və ya onun tutulmasının əsaslılığının müəyyən edilməsi deyil, həmin borcun tutulması barədə verilmiş notariat icra qeydinin ləğv edilməsidir.
Məhkəmənin mövqeyinə görə, belə mübahisədə əsas araşdırılmalı məsələ icra qeydi verilərkən qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasıdır.
Qərarda vurğulanıb ki, iddia tələbi birbaşa notariat ofisinə yönəlib. Bu səbəbdən, icra qeydinin qanuniliyinin araşdırılması zamanı iddiaçının öz tələbinin əsaslarını sübut etməsi, notariat ofisinin isə həmin tələbə etirazını əsaslandırması məsələsi ön plana çıxır
Ali Məhkəmə hesab edib ki, bankın cavabdeh kimi göstərilməsi özlüyündə mübahisənin kommersiya məhkəməsinə aid olması üçün əsas deyil. Bankın iş üzrə qəbul ediləcək məhkəmə aktının hüquq və mənafelərinə toxunması ehtimalı nəzərə alınmaqla, onun müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosessual vəziyyətdə olması məsələsi də qeyd edilib.
Ali Məhkəmə qərarında kreditin kənd təsərrüfatı fəaliyyətinin inkişafı məqsədilə verilməsinə də münasibət bildirib. Məhkəmənin qənaətinə görə, kreditin sahibkarlıq fəaliyyəti ilə əlaqəli olması hazırkı mübahisənin də avtomatik olaraq kommersiya mübahisəsi sayılması demək deyil. Çünki bu işdə kreditin hansı məqsədlə verilməsi və borcun tutulmalı olub-olmaması deyil, məhz notariat ofisinin icra qeydinin qanunvericiliyə uyğun tərtib edilib-edilməməsi araşdırılmalıdır.
Ali Məhkəmə nəticəyə gəlib ki, Qəribə Nəsirovanın notariat ofisinin icra qeydinin ləğv edilməsi tələbi üzrə iş sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya mübahisəsi hesab edilə bilməz. Qərara əsasən, iddiaçının Gəncə şəhəri 5 saylı notariat ofisinə və “Kapital Bank” ASC-yə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilib. (plat.az)


