Şahin Bağırov korrupsiya əməliyyatı aparılmış idarəni ləğv elədi

Şahin Bağırov korrupsiya əməliyyatı aparılmış idarəni ləğv elədi

Dövlət Gömrük Komitəsində (DGK) struktur dəyişikliyi baş verib.

BusinessTime-ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun əmri ilə Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsi ləğv edilib.

Ş.Bağırov əmri ilə ləğv edilən idarənin yerində Gömrük Riskləri İdarəsi yaradılıb.

Xatırladaq ki, ötən ilin sentyabrında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin Gömrük risklərinin strateji araşdırılması şöbəsinin rəisi vəzifəsində işləyən Anar Aslanov həbs edilib.

Onun ayrı-ayrı şəxslərdən rüşvət qismində aldığı 55 min manat məbləğində pul vəsaiti müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 29.03.2023-cü il tarixli qərarının tələblərini pozmasına, yəni 2023-cü ilin iyun-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 400 avtomobili qanunsuz rəsmiləşdirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Anar Aslanova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.