Tarixə qızıl hərflərlə yazılmış ZƏFƏR BAYRAMI

Tarixə qızıl hərflərlə yazılmış ZƏFƏR BAYRAMI

Bu gün xalqımız üçün ən gözəl və əlamətdar günlərdən biridir. Bütün Azərbaycan bu Zəfər Bayramının ikinci ilini qeyd edir. İki il öncə noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir.

Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur. İki il əvvəl şəhidlərimizin canı, qanı bahasına çaldığımız Qələbə, torpaqlarımızın azad edilməsi tarixi ədalətin, beynəlxalq hüququn aliliyinin, insan hüquqlarının, xüsusilə də 28 il  müddətdə doğma yurdundan didərgin salınmış bir milyon azərbaycanlının hüquqlarının bərpasıdır. Qələbəmiz xalqımızın həmrəyliyinin, xalq-hakimiyyət birliyinin nümayişidir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun apardığı 44 günlük ədalət müharibəsi göstərdi ki, Azərbaycan güclü dövlətdir, onun güclü ordusu var.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir.

Xatırlatmaq istərdim ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır. Artıq ikinci ildir ki, Zəfər Bayramı ölkımizdə böyük təntənə ilə qeyd olunur. Bu gün hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq.  Sözüz ki, Vətən müharibəsində qazandığımız qələbə Azərbaycan Alpaqut Federasiyasının idmançıları üçün də böyük qürurdur, fəxrdir. İdmançılarımız Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək ona və ordumuza böyük dəstək verdi. Qəhrəman, yenilməz Ordumuz isə döyüş meydanında cənab Ali Baş Komandanın əmrlərini şərəflə icra edərək düşmənə ağır zərbələr endirdi və işğal altındakı torpaqlarımızı azad etdi. 28 illik münaqişə 44 gündə Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı.

Yaşasın Ali Baş Komandan!

Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!

Qarabağ Azərbaycandır!

Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev