Azərbaycan–İtaliya münasibətləri hər ötən gün daha da möhkəmlənir. - ŞƏRH
Möhtərəm Prezidenti cənab İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin 2026-cı ilin 4 may tarixində Azərbaycana səfəri zamanı verdiyi bəyanatda iki ölkə arasında mövcud olan mühüm məqamlara diqqət çəkdi. Bildiyimiz kimi İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyəti uzun illərə dayanan uğurlu əməkdaşlıq tarixinə malikdir və bu əməkdaşlıq iqtisadi tərəfdaşlığın mühüm sütunlarından birini təşkil edir.
Ölkə başçısı nitqində vurğulamışdır ki, hazırda təxminən 130-a yaxın İtaliya şirkəti Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərir və bu, iki ölkə arasında biznes əlaqələrinin genişliyini və etibarlılığını göstərir. Çıxışda xüsusi olaraq işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrə də diqqət yetirilmişdir. Bildirilmişdir ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrində İtaliya şirkətləri artıq 23 layihə həyata keçirib və hazırda da bir sıra mühüm infrastruktur və bərpa işlərində iştirak edirlər. Bu fakt İtaliya şirkətlərinin Azərbaycanın postmünaqişə dövründə yenidənqurma prosesinə verdiyi töhfənin bariz göstəricisi kimi qiymətləndirilmişdir. Bu gün xarici şirkətlərin iştirakı baxımından İtaliya bu sahədə qabaqcıl mövqedə qərarlaşır. Dövlət başçısı vurğulamışdır ki, iqtisadi və ticarət əlaqələri ilə yanaşı, humanitar və strateji əhəmiyyət daşıyan sahələr də əməkdaşlığın mühüm istiqamətlərindəndir.
Bu kontekstdə xüsusilə təhsil sahəsi ön plana çəkilmişdir. Məlum olduğu kimi keçən il Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti açılmışdır və bu layihə iki ölkə arasında elmi və təhsil əlaqələrinin yeni mərhələyə keçidini təmin edir. Bildirilmişdir ki, hazırda bu universitetdə 500-dən çox tələbə təhsil alır və gələcəkdə bu rəqəmin daha da artması gözlənilir.
Prezident bu gənclərin yalnız yüksək ixtisaslı mütəxəssislər kimi yetişməyəcəyini, eyni zamanda Azərbaycan ilə İtaliya arasında mədəni və humanitar körpü rolunu oynayacağını vurğulamışdır. Onlar həm Azərbaycanda, həm də İtaliyada qarşılıqlı anlaşmanın və dostluğun təbii elçilərinə çevriləcəklər. Sonda qeyd olunmuşdur ki, iqtisadi əməkdaşlıq, investisiya layihələri və təhsil sahəsində həyata keçirilən təşəbbüslər Azərbaycan–İtaliya münasibətlərini daha da möhkəmləndirir və bu strateji tərəfdaşlığın gələcəkdə də inamla inkişaf edəcəyinə güclü zəmin yaradır.
Fərhad Baxışov
Neftçala rayonu


