Uğurlu xarici siyasət! - ŞƏRH
Bu gün Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarı olduğunu özünün xarici siyasətində açıq nümayiş etdirir.
Ölkəmiz dünyada baş verən müharibələr, münaqişlər və bunun da fonunda yaranan qütbləşmə təzahürlərindən kənar qalmağa çalışır. Dövlətimiz beynəlxalq təsirlərə baxmayaraq öz qonşuları ilə sıx münasibətlər qurur, əməkdaşlıq, inteqrasiya məsələlərini xarici siyasətinin əsas prioritetləri olduğunu bəyan edir. Azərbaycan 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə öz siyasətini açıq şəkildə bəyan edib. Əminliklə deyə bilərik ki, ölkəmizin sədrliyi dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Bu gün ölkəmizin maraqlı olduğu platformalardan biri də BRICS-dir. BRICS özlüyündə beynəlxalq siyasətdə müxtəlif regional məsələləri müzakirə etmək üçün bir platforma rolunu oynayır. Təşkilata üzv ölkələr Azərbaycanın enerji resurslarına olan tələbatı ilə əlaqədar olaraq strateji tərəfdaşlar sayılır. Bu mənada Azərbaycanın regiondakı rolu BRICS ölkələrinin əməkdaşlığına müsbət təsir göstərə bilər. Son dövrlər Azərbaycanın bu istiqamətdə atdığı addımlar BRICS ölkələrinin diqqətini cəlb edir. Təsadüfi deyil ki, təşkilatın son görüşlərinə ölkəmizin dəvət alması birliyin prespektivləri düzgün qiymətləndirdiyini nümayiş etdirir. Möhtərəm Prezident cənab İlham Əliyevin bu günlərdə Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirak etməsi dediklərimizin bariz sübutudur.
Bəli, Azərbaycan bu gün özünün coğrafi mövqeyindən istifadə edərək, müasir infrastruktur yaradıb. Qeyd edək ki, BRICS münaqişələrin həlli və sülh proseslərini dəstəkləmək məqsədilə siyasi dialoqu təşviq edir. Bu yanaşma özlüyündə dövlətimizin siyasətinin əsas tərkib hissələrindən biridir. İnanırıq ki, Avropanın enerji təchizatında mühüm rola malik Azərbaycanın qazandığı etibarlı tərəfdaş imici gələcək uğurlarımıza mayak rolu oynayacaqdır.
Samir Cəfərov;
Neftçala rayonu, müəllim