“Unibank” kart dələduzluğu ilə üzləşib - 8 milyon manat kompensasiya alacaq
“Unibank” KB ASC kartdan-karta icazəsiz köçürmələrlə bağlı dələduzluq halları ilə üzləşib.
Dələduzluq halları üzrə ilkin ümumi risk məbləği 11 milyon 686 min manat təşkil edib.
Bu məbləğin 2 milyon 96 min manatı 2025-ci il ərzində geri qaytarılıb. Qalan 9 milyon 590 min manatın isə geri alınacağı gözlənildiyindən bank həmin məbləği debitor borcu kimi tanıyıb.
Məsələ ilə bağlı 2026-cı ilin birinci yarısında bankın xidmət təminatçısı ilə razılaşma əldə olunub. Razılaşmaya əsasən, xidmət təminatçısı “Unibank”a 8 milyon manat kompensasiya ödəyəcək.
Beləliklə, dələduzluq halları üzrə ilkin 11,686 milyon manatlıq riskin 2,096 milyon manatı artıq geri qaytarılıb, daha 8 milyon manatının isə kompensasiya edilməsi razılaşdırılıb.
Qeyd edək ki, bank xidmət təminatçısının adını və icazəsiz kart köçürmələrinin hansı üsulla həyata keçirildiyini açıqlamayıb. (Plat.az)


