Azərbaycanda genişzolaqlı sabit internetin median sürətində artım tempi zəifləyib
Azərbaycanda genişzolaqlı sabit internetin median sürətində artım tempi zəifləyib. Provayderlərin tarif siyasətində dəyişiklik etməməsi sürət göstəricilərinin daha da yüksəlməsinə mane ola bilər.
Bu barədə AİKTSA-nın sədri Elvin Abbasov mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ookla tərəfindən yayımlanan sentyabr hesabatında Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 92,94 Mbit/s təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% artım deməkdir.
Elvin Abbasov qeyd edib ki, ilk baxışdan artım kimi görünən bu göstəricilər son aylarda sürətin demək olar ki, eyni səviyyədə qaldığını göstərir.
Onun təqdim etdiyi statistikaya əsasən, Azərbaycanda median internet sürəti yanvarda 89,88 Mbit/s, fevralda 91,27 Mbit/s, martda 91,37 Mbit/s, apreldə 91,57 Mbit/s, mayda 91,95 Mbit/s, iyunda 92,18 Mbit/s, iyulda 92,52 Mbit/s, avqustda 92,80 Mbit/s, sentyabrda isə 92,94 Mbit/s olub.
AİKTSA sədri bildirib ki, ölkədə 1 Gbit/s sürəti dəstəkləyən infrastruktur qurulsa da, internetin median sürətində artımın ləngiməsi və bunun səbəbləri ilə bağlı dəfələrlə provayderlərə müraciət edib.
“Provayderlər israrla qiymət siyasətlərinə dəyişiklik etmədikcə, Azərbaycanda median sürət göstəricisinin 100 Mbit/s-ni görəcəyinə inanmıram”, – deyə Elvin Abbasov vurğulayıb.
O, Azərbaycanda internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün bir sıra təkliflər də irəli sürüb.
Belə ki, mütəxəssis minimal sürət paketlərinin 100 Mbit/s-dən deyil, ən azı 250 Mbit/s-dən başlamalı olduğunu bildirib. Onun fikrincə, 250 Mbit/s və daha yüksək sürətli paketlər digər tariflərlə müqayisədə daha sərfəli qiymətlərlə təqdim edilməlidir.
Elvin Abbasov, həmçinin provayderlərin mesh tipli ötürücü avadanlıqlardan istifadə ilə bağlı maarifləndirmə işlərini gücləndirməsinin vacibliyini qeyd edib.
AİKTSA sədri hesab edir ki, orta və median sabit internet sürəti üzrə konkret hədəflər müəyyənləşdirilməli, provayderlərin tarif siyasəti, infrastruktur yatırımları və müştəri maarifləndirilməsi tədbirləri bu hədəflərlə əlaqələndirilməlidir.
Onun sözlərinə görə, ictimai hesabatlılığın gücləndirilməsi də vacibdir. Tariflər, faktiki sürət göstəriciləri və istifadəçi məmnuniyyəti üzrə nəticələr mütəmadi təhlil edilməli, internetin inkişafı yalnız şəbəkə əhatəsi ilə deyil, real istifadəçi təcrübəsi əsasında qiymətləndirilməlidir.


