"Visa" yeni "Subscription Manager" funksiyasını istifadəyə verib

"Visa" yeni "Subscription Manager" funksiyasını istifadəyə verib

Rəqəmsal ödəmələrdə dünya lideri olan "Visa" şirkəti bu gün maliyyə müəssisələri üçün Subscription Manager (“abunələr meneceri”) adlı yeni kompleks xidmətinin təqdim edilməsini elan etdi. Bu xidmət Visa kart sahiblərinə elektron abunələri rahat və sadə şəkildə birbaşa öz mobil cihazlarından izləməyə imkan verəcək.

"BusinessTime" quruma istinadən xəbər verir ki, abunə xidmətlərinin dünya bazarı ildən ilə artır. 2025 ildə onun qlobal həcminin heyrətləndirici 406 milyard ABŞ dollarına çatması gözlənilir.  İstehlakçılar pərakəndə satışlar, ərzaq malları və sair bu kimi sahələrdə abunə xidmətlərindən istifadəni genişləndirdikcə, çeşidli abunələri və onlara bağlı ödəmələri idarə etmək getdikcə çətinləşir.  

Yeni "Visa Subscription Manager" aləti müntəzəm ödəmələrin əsas aspektlərini bir araya gətirərək kart sahiblərinə kart məlumatlarının harada saxlanmasını görməyə, onlardan hansı məbləğlər silindiyini izləməyə və abunələri sonlandırmağa imkan yaradacaq. 

”Hər bir platformanın şərtlərini izləmək çətindir və, bəzən, hətta abunə ləğv olunandan sonra istehlakçının hesabından vəsait gözə görünməz tərzdə silinə bilər, – deyərək "Visa"nın 17 ölkə üzrə baş vitse-prezidenti və regional meneceri Kristina Doroş şərh verdi. – Məqsədimiz bu prosesi sadələşdirmək və kart sahiblərinin öz pullarının kimə və nə vaxt ödənildiyinə əmin olmalarını təmin etməkdir”.    

Rəqəmsal ödəmələrin təhlükəsizliyinə və rəvanlığına dair istehlakçıların artan gözləntiləri ilə emitentlər də ayaqlaşmalıdır. Visa-nın bu yaxınlarda dərc olunacaq yeni hesabatında yer alan statistika bu tendensiyanı doğruldur: sorğuda iştirak etmiş istehlakçıların 63%-i bildirir ki, onları tamamən rəqəmsal pullar üzərində qurulmuş gələcək qane edir.  Yeni rəqəmsal maliyyə alət və xidmətlərinin sürətli tətbiqi rəqəmsal transformasiyanı irəliyə aparır. İstehlakçılar vəsaitlərini idarə etmək üçün mobil tətbiqlərdən və pulqablarından getdikcə daha çox istifadə edirlər. Həmin hesabatda göstərilir ki, respondentlərin yarısından çoxu yalnız ötən ildə mobil pulqablarından yararlanmağa başladılar. 

Subscription Manager emitentlər tərəfindən kart sahiblərinə geniş çeşiddə alət və çevik həllər təqdim edən Visa Digital Enablement paketinə ən son əlavədir. Bu yeni həll abunə iqtisadiyyatında şəffaflığın və nəzarətin gücləndirilməsinə yönəlmiş Visa-nın yorulmadan göstərdiyi səylərinin sadəcə bir nümunəsidir. Bundan öncə, 2020 ildə Visa tələb etmişdir ki, pulsuz sınaq müddətindən və ya xüsusi promo təklifindən sonra kart sahiblərindən vəsait çəkməkdən qabaq satıcılar onların ayrıca razılığını almalıdırlar. 

Subscription Manager artıq Azərbaycanda əlçatandır. Bu alət, eləcə də Visa-nın emitentlər üçün həlləri və sair əlavə xidmətləri haqqında ətraflı məlumatı Visa Developer Center saytında əldə edə bilərsiniz.  Visa (NYSE: V)  rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və ərazisində istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir. Missiyamız innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, iqtisadi əlçatanlığın genişləndirilməsi dünyada hamının güzəranını yaxşılaşdırır və gələcəkdə pulların qlobal hərəkətinin əsasını təşkil edəcək. Daha ətraflı məlumatla visa.com.az saytında tanış ola bilərsiniz.