“Xalqın xilaskarı!

“Xalqın xilaskarı!

Əsrlər boyu tarixin ağır sınaqlarından üzüağ, alnıaçıq çıxan xalqımız dövlətçilik qurmaq, onu qorumaq yolunda keşməkeşli yollardan keçmişdir. Xalqımız mübarizə meydanında doğrularla yanlışlar arasında hər zaman seçim etmiş, yetişdirdiyi seçilmiş övladları, liderləri sayəsində zamanın  girdabından xilas ola bilmiş, öz varlığını qorumağı bacarmışdır. Gələcəyi görmək qabiliyyətinə malik böyük dühalarımız, liderlərimiz sayəsində Azərbaycan tarixin yeni başlanğıclarına qədəm qoyaraq, bugünki Qalib simasını yaratmışdır.  Bəli, 3 oktyabr tarixi Azərbaycan tarixinin ən əhəmiyyətli tarixlərindən biridir.

O gün, yəni 3 oktyabr 1993-cü il tarixində Azərbaycan üçün, xalqımız üçün yeni tarixin başlanğıc dövrlərindən biridir. Ümumiyyətlə 1993-cü il və ondan əvvəlki illəri yaşayan, görən, bu barədə eşidən hər kəsin gözü önündə, düşüncəsində ağır zamanlar canlanır. Məhz o dövrlər xalqımız üçün  son dərəcə ağrılı və çətin dönəmlərlə yadda qalmışdır. Təsadüfi deyil ki, o zaman Azərbaycan sözün əsl mənasında ağır böhran keçirir. Belə bir məqamda xalqımızın xilaskara ehtiyacı vardı.

Müsətiqqliyini yenicə bərpa etmiş bir dövlətin başında duranların səriştəsizliyi, o cümlədən xəyanəti sayəsində gənc bir dövlət parçalanmaq, məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Xalqı və ölkəni bu ağır vəziyyətdən  yalnız böyük bir qüvvə, Lider çıxara bilərdi. Əlbəttə ki, o zaman qədirbilən xalqımızın tək düşüncəsi, ümidi, arzusu Ulu Öndər kimi gördüyü Heydər Əliyev idi. Ümumxalq sevgisini qazanmış Heydər Əliyev hələ sovetlər dönəmindəki fəaliyyəti ilə bunu haqq edirdi. Azərbaycan xalqı o zaman Naxçıvanda olan Heydər Əliyevin paytaxta gəlməsini, siyasi hakimiyyəti üzərinə götürməsini təkidlə tələb edirdi. Belə də oldu. Heydər Əliyev xalqının səsinə səs verdi. Ölkəni, milləti bu ağır vəziyyətdən çıxarmaq üçün bütün siyasi səriştəsini, qüvvəsini, təcrübəsini ortaya qoydu. Sözün əsl mənasında O, xilaskarlıq missiyasını həyata keçirərək, ölkəyə sahib çıxdı. Şəxsi nüfuzu, dəmir iradəsi, diplomatik bacarığı, müdrikliyi  və  uzaqgörənliyi sayəsində Azərbaycanın  işıqlı gələcəyinin təminatçısına çevrildi. 1993-cü il 3 oktyabr tarixində Ölkədə keçirilən prezident seçkilərində xalq birmənalı olaraq Heydər Əliyevə səs verdi. Bu tarix  Azərbaycan xalqının taleyinə yeni bir başlanğıc olaraq həkk olundu.

Doğma xalqının ən çətin dönəmində təkidli çağırışına səs verən Ümummilli Lider ölkənin müqəddəratını uğurla  həll edən Prezident oldu. Prezidentliyi dövründə ənn çətin problemlərin, separatçılıq meyllərinin, özbaşınalıqların, xaosun öhdəsindən məharətlə gəldi. Ölkədə çökmüş iqtisadiyyatı dirçəldə bildi. Müharibə dəhşətlərinə son vermək üçün müvəqqəti ataşkəsə nail oldu. Azərbaycanı sözün əsl mənasında çirkabdan, bataqlıqdan xilas etdi. Müasir Azərbaycan tarixinə misilsiz imzalar bəxş etdi, həyatının mənasını xalqına və dövlətinə xidmət etməkdə gördü.

Ulu Öndər Azərbaycanın beynəlxalq aləmdə reallıqlarının tanınması yolunda misilsiz xidmətlər göstərdi. Azərbaycançılıq ideologiyasını, azərbaycançılıq məfkurəsini fəaliyyətinin hər addımında ən yüksəkdə tutan, vətənimizin inkişafı, gələcəyi naminə gecəsini gündüzünə qatan dahi Lider  Azərbaycanı nüfuzlu bir ölkəyə çevirməyi bacardı. 1994-cü il sentyabr ayının 20-də “Əsrin müqaviləsi” neft sazişinin imzalanmasına nail olan Ulu Öndər  qısa bir  müddət ərzində  ölkəyə işıqlı gələcək vəd edən böyük dönüşün əsasını qoydu. Bu gün Azərbaycanda Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətini davamı olaraq, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən ugurlu layihələr həyata keçirir. Həmin layihələr bu gün, Azərbaycanın müasir enerji mərkəzinə çevrilməsinə şərait yaratmışdır. 

Fikrət İmanov;
Neftçala rayon ağsaqqalı