Xərçəngin müalicəsinə ilk cəhd 4 min il əvvəl edilib

Xərçəngin müalicəsinə ilk cəhd

İndiyədək tarix elminə məlum olan tapıntılar qədim Misirdə ilk xərçəng əməliyyatının eradan əvvəl 1600-cü ildə aparıldığını göstərirdi. Lakin son tədqiqatlar bu işin daha əvvəl başladığını sübut edir.

Kembric Universitetinin alimləri Misirdə tapılmış, e.ə. 2686-2345-ci illərə aid kəllə sümüyünü müayinə ediblər. Kəllə sümüyündə bir böyük şiş və otuz kiçik ölçülü metastaz zədələnməsi aşkar edilib.

İşin maraqlı tərəfi bu zədəli hissələrin ətrafında iti metal alətlə kəsik aparılmasıdır. Bu da deməyə əsas verir ki, misirli təbiblər 30 yaşlarında olan kişini sağaltmaq üçün cərrahi müdaxiləyə əl atıblar.

Alimlər bildirirlər ki, bu, tarixdə xərçəng şişinə edilmiş ilk cərrahi müdaxilədir. Bu eyni zamanda müasir tibbin başlanğıcıdır.

Tədqiqatçılar eyni kolleksiyadan olan e.ə. VI əsrə aid kəllə sümüklərini də müayinə ediblər. Bu sümüklərin bəzilərində xərçəng, bəzilərində isə kəsici silah xəsarətləri aşkar edilib. Məlum olub ki, misirli təbiblər xərçəngi müalicə edə bilməsələr də, silah yarasının öhdəsindən gəlməyi bacarıblar.

Son tədqiqatlar qədim Misirdə tibb elminin təsəvvür ediləndən daha yüksək səviyyədə inkişaf etdiyini göstərir.

AZƏRTAC