"Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəəti 2 % azalıb

"Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəəti 2 % azalıb

"Yapı Kredi Bank Azərbaycan" QSC bu ilin I yarısını 4,788 milyon manat xalis mənfəətlə başa vurub.

BusinessTime Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 % azdır.

Yanvar-iyun aylarında "Yapı Kredi Bank Azərbaycan"ın gəlirləri 47,043 milyon manat (1 il əvvələ nisbətən 28,1 % çox), xərcləri 37,398 milyon manat (31,3 % çox), xüsusi ehtiyatlara ayırmaları 3,268 milyon manat (31,7 % çox), mənfəət vergisi ödəmələri isə 1,589 milyon manat (79,3 % çox) təşkil edib.

Bu il iyulun 1-nə "Yapı Kredi Bank Azərbaycan"ın aktivləri 870,732 milyon manat olub ki, bu da illik müqayisədə 47,1 % çoxdur. Bunun 465,395 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 30,8 % böyüyüb.

Hesabat dövründə "Yapı Kredi Bank Azərbaycan"ın öhdəlikləri 55,8 % artaraq 740,762 milyon manat, o cümlədən depozit portfeli 45,8 % artaraq 572,968 milyon manat, balans kapitalı isə 11,5 % artaraq 129,97 milyon manat olub.

Xatırladaq ki, "Yapı Kredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,381 milyon manatdır. Bankın səhmlərinin 99,8 %-i Türkiyənin "Yapı Kredi Bankı"na, 0,01 %-i "Yapı Kredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01 %-i isə "Yapı Kredi Finansal Kiralama" şirkətinə məxsusdur.