“PAŞA Qrup”a daxil olan 2 bank mükafat aldı
“PAŞA Qrup”a daxil olan “PAŞA Bank” və “Kapital Bank” “Stevie Awards” təşkilatı tərəfindən bir sıra kateqoriyalar üzrə mükafata layiq görülüblər.
“PAŞA Bank” 22-ci Beynəlxalq Biznes Mükafatları (“International Business Awards”) çərçivəsində “İlin Şirkəti” nominasiyasında “Gold Stevie” mükafatına layiq görülüb. Bank, bu nominasiya üzrə, adıçəkilən nüfuzlu beynəlxalq müsabiqədə qalib gələn ilk Azərbaycan bankı olub. Bu uğur “PAŞA Bank”ın beynəlxalq miqyasda korporativ idarəçilik, maliyyə dayanıqlılığı, innovativ bankçılıq həlləri, müştəri yönümlü yanaşma və dayanıqlı inkişaf strategiyasının ən yüksək səviyyədə tanınmasının göstəricisidir.
“Kapital Bank” isə dünyanın ən nüfuzlu biznes mükafatlarından biri olan və “iş dünyasının Oskarı” kimi dəyərləndirilən “Stevie Awards” proqramında 5 kateqoriya üzrə mükafat qazanıb. İnnovativ texnologiyaların tətbiqi və müştəriyönümlü proseslərlə bağlı layihələrlə proqrama qatılan “Kapital Bank” “İstehlakçı xidmətləri” nominasiyasında proqramın qızıl mükafatı “Gold Stevie Winner”, “İstehlakçı xidmətləri üzrə ilin liderlik kampaniyası”, “İlin müştəri xidməti departamenti”, “Müştəri xidmətləri üzrə həllər” və “Müştəri məmnuniyyətində nailiyyət” nominasiyalarında isə “Silver Stevie Winner” gümüş mükafatlarına layiq görülüb.
Qeyd edək ki, 2002-ci ildə ABŞ-də yaradılmış “Stevie Awards” təşkilatı tərəfindən keçirilən Beynəlxalq Biznes Mükafatları dünyanın biznes sahəsində ən nüfuzlu qlobal mükafat proqramı hesab olunur. Hər il dövlət və özəl sektor, kommersiya və qeyri-kommersiya təşkilatları, kiçik və böyük şirkətlər daxil olmaqla bütün dünyadan iştirakçılar bu mükafat uğrunda mübarizə aparır. Bu il müsabiqəyə ümumilikdə 3,800-dən çox müraciət daxil olub.

