10 milyon dollarlıq fondun yaradılması nəzərdə tutulub

10 milyon dollarlıq fondun yaradılması nəzərdə tutulub

Hazırda İRİA nəzdində 2 texnopark fəaliyyət göstərir. Ötən il ərzində 200-dən çox yerli şirkət texnoparkdan kənar fəaliyyət üçün müraciət edib. Texnoparkdan kənar fəaliyyət üçün 70 şirkət rezidentlik əldə edib.

Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnnovasiya ekosistemi departamentinin müdiri Yevgeniya Bikmurzina qurumun 2023-cü iIin hesabatı və 2024-cü ilin hədəflərinə dair mətbuat konfransında deyib.

Y.Bikmurzina bildirib ki, ötən il 40-dan çox xarici şirkət Bakıya səfər edərək yerli İKT bazarı ilə tanış olub.

“15 xarici şirkət texnopark rezidenti olmaq üçün müraciət edib. Hazırda 7 xarici şirkətə rezidentliyin verilməsi prosesindəyik. 2023-cü il ərzində 35 xarici şirkət Azərbaycanda texnopark rezidentliyi əldə edib. Bu il isə 11 yerli şirkət rezidentlik əldə edib. 1-ci rübün sonuna kimi əlavə olaraq 4 yerli və 2 xarici şirkətin qeydiyyat şəhadətnaməsinin əldə etməsi gözlənilir", - deyə Y.Bikmurzina əlavə edib.

2024-cü ilin hədəfləri barədə məlumat verən İRİA nümayəndəsi bildirib ki, hazırda "Caucasus Ventures" fondunun investisiyaları hesabına 15 startapa 1 milyon dollar vəsait ayrılıb, 2 “Mələk investor klubu”nun, "Technovate-Sabah Angels Club" və "LTC Angels Network" yaradılmasına və fəaliyyətinə dəstək göstərilib.

“2024-cü ildə azərbaycanlı təsisçilər üçün 10 milyon dollarlıq fondun yaradılması nəzərdə tutulub. Mələk investorlar və vençur fondlar tərəfindən 38 investisiya sövdələşməsinin edilməsi planlara daxildir. Mələk investorlar üçün daha bir mələk klubunun fəaliyyətə başlaması planlaşdırılır”, - deyə departament müdiri əlavə edib.

AZƏRTAC