ADPU-nun gələn il üçün mühafizə xərcləri 7% artırılır
Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) paytaxtdakı korpuslarının gələn il üçün mühafizə xərcləri artırılıb.
İqtisadiyyat.az xəbər verir ki, söhbət universitetin Sahil, Nəsimi, Təbriz və Gənclik korpuslarının mühafizəsindən gedir.
Belə ki, ənənəvi olaraq 2026-cı ildə də ali təhsil müəssisəsinin Bakıdakı korpuslarının mühafizəsini "Gesco" şirkəti həyata keçirəcək və 2025-ci illə müqayisədə gələn il üçün mühafizə xərcləri təxminən 7% artırılır.
Ali təhsil müəssisəsi ilə şirkət arasında bağlanılmış müqaviləyə əsasən, 12 aylıq mühafizə xərcləri 482 813,52 manat müəyyənləşib. Məlumat üçün bildirək ki, 2025-ci il üçün bağlanılmış müqavilənin maliyyə dəyəri isə 451.335,84 manat olub.
Xatırladaq ki, mühafizə işinin təşkili 1-i rəis olmaqla ümumilikdə 40 nəfərlik heyətlə həyata keçiriləcək. Universitetin kampuslarının mühafizəsi gecə-gündüz olmaqla növbəli şəkildə təmin olunacaq.

