Alpaqutlar TAFISA-dan geri dönürlər

Alpaqutlar TAFISA-dan geri dönürlər

Noyabr ayının 4-ü Almaniyanın Düsseldörf şəhərində keçirilən TAFISA Konqresi sona çatdı. Ölkəmizi təmsil edən Dünya Alpaqut Federasiyası nümayəndə heyəti konqresin son günündə çox aktiv şəkildə iştirak ediblər. Günün sonunda iştirakçılara Bağlanış Mərasiminə özəl ziyafət verilib.
 
Ziyafət əsnasında Dünya Alpaqut Federasiyasının (DAF) təsisçisi və İdarə Heyətinin üzvü Fərid Əlizadə bir sıra xarici təmsilçilərlə tanışlıqlar qurub. Onun sözlərinə görə, TAFISA-nın müxtəlif ölkələrdən olan İdarə Heyətinin təmsilçiləri DAF-a böyük maraq və diqqət göstəriblər. Onlar xatirə şəkilləri çəkdirib biznes kartlarını DAF nümayəndə heyəti ilə dəyişiblər.
 
Daha sonra Fərid Əlizadə ilə TAFISA Prezidenti Volfqanq Bauman arasında ayaqüstü səmimi görüş keçirilib. Cənab Bauman yaxın aylarda Azərbaycana səyahət edəcəyini açıqlayıb. Fərid Əlizadə Volfqanq Baumana isti münasibətlərindən dolayı dərin təşəkkürünü bildirib və Bakıda onunla görüşəcəyi gün üçün indidən səbrsizlik etdiyini ifadə edib.
 
Sonra Fərid Əlizadə Türkiyə İdman nazirinin Baş məsləhətçisi Kerem Çomoğlu ilə də görüş keçiriblər. Cənab Çomoğlunun hədiyyəsini qəbul edən Fərid Əlizadə ona dərin təşəkkürünü bildirib və onu, dekabr ayının 1-4-ü Türkiyənin Bursa şəhərində keçiriləcək Dünya Alpaqut Çempionatına və Bakıya dəvət edib.
 
Bugün artıq bütün iştirakçılar öz ölkələrinə geri dönürlər.