AMB "Yaşıl Taksonomiya"nı təsdiqləyib
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Yaşıl Taksonomiya" təsdiq edilib.
BusinessTime AMB-yə istinadən xəbər verir ki, sənəd iqtisadi sektorlar üzrə yaşıl fəaliyyət növlərinin, alt-növlərinin və onların texniki təsnifat meyarlarının müəyyən edilməsi üzrə təsnifat sistemini əhatə edir.
Əsasən maliyyə institutlarının istifadəsi üçün nəzərdə tutulan "Yaşıl Taksonomiya"nın özəl sektorda biznes fəaliyyətlərinin Taksonomiyada müəyyən edilmiş meyar və prinsiplərə uyğunluğunun təmin edilməsi, yaşıl və dayanıqlı keçid strategiyalarının hazırlanması, müvafiq məlumatların ictimaiyyətə açıqlanması, yaşıl investisiyaların cəlb edilməsi və digər oxşar istiqamətlər üzrə istifadəsi mümkündür.
"Yaşıl Taksonomiya" ölkədə dayanıqlı maliyyə ekosisteminin formalaşdırılmasına, daxili və xarici resursların yaşıl və dayanıqlı layihələrə yönəldilməsinə, iqlim dəyişikliyindən yaranan risklərin tənzimlənməsinə, aşağı karbon iqtisadiyyatına keçid ilə bağlı yaranan fürsətlərdən istifadə edilməsinə, həmçinin mal və xidmətlərin ixracı sahəsində ixtisaslaşan müəssisələrin fəaliyyətinin dəstəklənməsinə xidmət edəcək. Bununla da, sənəd ölkə iqtisadiyyatının dayanıqlı inkişaf imperativlərinə uyğunlaşdırılmasına, eləcə də dayanıqlı iqtisadiyyata keçiddə maliyyə sektorunun rolunun gücləndirilməsinə mühüm töhfə verəcək.
"Yaşıl Taksonomiya"nı AMB-nin təşəbbüsü və aidiyyəti dövlət qurumlarının iştirakı ilə yaradılmış “Dayanıqlı maliyyə üzrə Ekspert Qrupu” Dünya Bankı ekspertlərinin dəstəyi ilə hazırlayıb. Hazırlıq prosesində ən qabaqcıl beynəlxalq təcrübələrlə yanaşı ölkə iqtisadiyyatının xüsusiyyətləri də nəzərə alınıb.