“Aqroservis” nizamnamə kapitalının artırılması ilə bağlı auditor seçib
Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC nizamnamə kapitalında dəyişiklik edilməsi ilə bağlı auditor seçib.
Audit rəyini “Himmara Audit” şirkəti hazırlayacaq.
Audit çərçivəsində kapitalın artırılmasına yönəldilmiş vəsaitin təhlili aparılacaq və rəy veriləcək.
Məlumat üçün bildirək ki, yanvarın 17-nə “Aqroservis” ASC-nin səhmdarlarının ümumi yığıncağının toplantısı nəzərdə tutulub. Toplantıda müzakirəsi planlaşdırılan məsələ nizamnamə məsələsidir.
Xatırladaq ki, “Aqroservis” 2005-ci ildən fəaliyyət göstərən “Aqrolizinq” ASC-nin bazasında 2020-ci ildə yaradılıb. Şirkət kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir.
366 592 796 manat nizamnamə kapitalına malik olan “Aqroservis”in qanuni təmsilçisi Mehman Veysəlovdur. O, həm də ASC-nin İdarə Heyətinin sədridir.