ARDNF-nin aktivlərini $72,6 milyarda enib

ARDNF-nin aktivlərini $72,6 milyarda enib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2026-cı ilin yanvar-iyun ayları üzrə açıqladığı hesabata əsasən, Fondun aktivləri iyunun 30-na 72 milyard 596 milyon ABŞ dolları (123 milyard 414 milyon manat) təşkil edib. Bu göstərici ilin əvvəlində qeydə alınan 73 milyard 542 milyon ABŞ dolları (125 milyard 21 milyon manat) ilə müqayisədə 946 milyon ABŞ dolları azdır. Banker.az bunu ARDNF-ə istinadən xəbər verir

Hesabat dövründə ARDNF-nin ümumi gəlirləri 8 milyard 531,3 milyon manat olub. Bunun 4 milyard 953,4 milyon manatı neft-qaz sazişləri üzrə karbohidrogenlərin satışından, 3 milyard 577,9 milyon manatı isə vəsaitlərin idarə edilməsindən əldə olunan gəlirlərin payına düşüb.

Neft-qaz gəlirləri
Yanvar-iyun aylarında Fondun neft və qaz sazişləri üzrə gəlirləri 4 milyard 953,4 milyon manat təşkil edib. Bunun:

4 milyard 947,6 milyon manatı mənfəət nefti və qazının satışından,
4,9 milyon manatı akrhesabı ödənişlərindən,
0,9 milyon manatı isə bonus və tranzit gəlirlərindən formalaşıb.
Bu dövrdə ARDNF-yə:

AÇG yatağından 4 milyard 374,9 milyon manat,
Şahdəniz yatağından (qaz və kondensat) 437,1 milyon manat vəsait daxil olub.
Büdcə xərcləri
2026-cı ilin ilk yarısında ARDNF-nin büdcə xərcləri 6 milyard 449,7 milyon manat təşkil edib.

Bunun:

6 milyard 420 milyon manatı dövlət büdcəsinə transfert olunub;
14,3 milyon manatı dövlət proqramlarının maliyyələşdirilməsinə yönəldilib. O cümlədən:
“2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na 2,1 milyon manat;
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”na 12,3 milyon manat ayrılıb.
ARDNF-nin idarəetmə xərcləri isə 15,4 milyon manat olub.
Büdcədənkənar xərclər
Hesabat dövründə qızılın qiymətində və valyuta məzənnələrində baş verən dəyişikliklər nəticəsində yaranan büdcədənkənar xərc 3 milyard 688,1 milyon manat təşkil edib.

Maliyyə bazarlarında vəziyyət
ARDNF bildirir ki, 2026-cı ilin birinci rübündə ABŞ-İran münaqişəsi qlobal maliyyə və enerji bazarlarında yüksək volatilliyə səbəb olub və müxtəlif investisiya alətlərinin gəlirliliyinə mənfi təsir göstərib. İkinci rübdə isə maliyyə bazarlarında bərpa müşahidə olunub, müxtəlif aktivlər üzrə müsbət gəlirlilik qeydə alınıb. Bununla belə, qızılın qiymət dinamikası idarə olunan portfelə mənfi təsir göstərib.

Birinci rübün əvvəlində investorların təhlükəsiz aktivlərə üstünlük verməsi dövlət istiqrazlarının qiymətlərini dəstəkləsə də, sonradan neftin bahalaşması inflyasiya gözləntilərini artırıb və inkişaf etmiş ölkələrin istiqraz bazarlarında qiymət itkilərinə səbəb olub. Enerji qiymətlərinin yaratdığı inflyasiya təzyiqi xüsusilə Avropa bazarlarında hiss edilib, ABŞ dolları ilə ifadə olunan istiqraz portfeli isə daha dayanıqlı olub.

Qlobal səhm bazarları da ilin əvvəlində müsbət dinamika nümayiş etdirsə də, geosiyasi gərginliyin artması səbəbindən sonradan geriləyib. İkinci rübdə isə süni intellekt sektoruna investisiya marağının artması və atəşkəs danışıqları fonunda bazarlarda güclü bərpa qeydə alınıb. Bununla yanaşı, rübün sonunda texnologiya şirkətlərinin yüksək qiymətləndirilməsi ilə bağlı narahatlıqlar yarımkeçirici şirkətlərin səhmlərinə mənfi təsir göstərərək bazarlarda volatilliyi yenidən artırıb.

Qızılın qiyməti ilin əvvəlində ABŞ dollarının zəifləməsi və investorların təhlükəsiz aktivlərə yönəlməsi səbəbindən yüksəlsə də, birinci rübün sonundan etibarən real faiz dərəcələrinin artması fonunda ucuzlaşmağa başlayıb və bu tendensiya ikinci rüb ərzində də davam edib. (Banker)