ATAA və Azerfon arasında YENİ ƏMƏKDAŞLIQ!

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə "Azerfon" MMC arasında ikitərəfli turizm əlaqələrinin inkişafına və üzv şirkətlərlə əməkdaşlığın genişləndirilməsinə dair memorandum imzalanıb.
Bu barədə BusinessTime-a ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov məlumat verib.
Onun sözlərinə görə, memorandomun əsas məqsədi tərəflər arasında əməkdaşlıq və iş birliyinin təşkili, qarşılıqlı mənfəətin əldə olunması, o cümlədən ikitərəfli münasibətlərin davamlı inkişafı, təcrübə və informasiya mübadiləsinin həyata keçirilməsidir.
"Görüşdə Assosiasiyanın fəaliyyəti, ölkənin turizm sektorunun inkişafında rolu, üzvlərin sayı və göstərdikləri xidmət sahələri haqqında məlumatla bölüşdüm. Mobil operatorlarla tərəfdaşlıq münasibətinin formalaşdırılmasının və keyfiyyətli rabitə əlaqəsinin qurulmasında turistlərin məmnunluğunun təmin olunmasının vacibliyini qeyd etdim. 2024-cü ilin statistik proqnozlarına əsasən ölkəyə səfər edən əcnəbi turistlərin sayının 3 milyona yaxın artacağını, bu göstəricilərin gələcəkdə hər iki tərəfə əlavə gəlirlər əldə etmək imkanı yaradacağını vurğuladım", deyə Göydəniz Qəhrəmanov bildirib.
Öz növbəsində “Azerfon” MMC-nin baş icraçı direktoru Gunnar Pahnke turizm şirkətləri ilə uzunmüddətli və effektiv əməkdaşlığa üstünlük verildiyini, ATAA üzvləri vasitəsi ilə Azərbaycana səfər edən turistlərə qısa müddətli istifadə üçün təqdim olunacaq Nar mobile simkartların hər iki tərəfə mənfəət qazandıracağını bildirdi.
O, turistlərin mobil rabitə xidmətlərindən rahat istifadəsinin təmin edilməsi, eləcə də onların kommunikasiya təminatının yaxşılaşdırılmasına böyük önəm verdiyini diqqətə çatdırdı.