“Atasığorta” ilə pis başlayıb - İki aydır ki, yığımları azalır

“Atasığorta” ilə pis başlayıb

Bu ilin yanvar-fevral aylarında “Atasığorta” şirkətinin yığımlarında azalma müşahidə edilib.

Valyuta.az-ın araşdırmasına görə, ötən ay sığorta şirkəti 1,7 milyon manat sığorta yığımı əldə edib.

Bu isə ötən ilin eyni dövrünə nisbətən 8% azdır. 2024-cü ilin yanvar-fevral ayında  isə “AtaSığorta” 1 milyon 856 min manat sığorta haqqı toplaya bilmişdi.

Sığorta şirkəti ötən ay 687 min manat ödəniş həyata keçirib ki, bu də ötən ilin eyni dövrünə nisbətən 7% çoxdur. 2024-cü ilin yanvar-fevral aylarında “AtaSığorta” 641 min manat sığorta ödənişini həyata keçirmişdi.

Yığımların azalması fonunda ödənişlərin artması sığorta şirkətinin zərərliliyinə, yəni ödəniş-yığım nisbətinə mənfi təsir edib. Şirkət ötən ilin yanvar-fevral aylarında topladığı hər 100 manatdan  35 manatını ödənişə yönəltmişdirsə, bu ilin eyni dövründə bu rəqəm 40 manata yüksəlib.

Qeyd edək ki, sığorta şirkəti bu ilin ilk iki ayında yığımları 2 milyon manatdan az olan 4 şirkətdən biri olub.