“Atasığorta" ötən ili zərərlə başa vurub

“Atasığorta" ötən ili zərərlə başa vurub

"Ata Sığorta" ASC 2021-ci ili 2 milyon 265 min manat xalis zərər ilə başa vurub. Halbuki, şirkət 2020-ci ili 714 min manat xalis mənfəət ilə bağlamışdı. Şirkətin zərərə keçməsinin əsas səbəbi yığımlarının azalmasıdır.

Marja.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2021-ci ildə "Ata Sığorta"nın cəmi əməliyyat gəlirləri 15 milyon 752 min manat, cəmi əməliyyat xərcləri 18 milyon 17 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə Şirkətin cəmi əməliyyat gəlirləri 18 milyon 981 min manat, cəmi əməliyyat xərcləri 18 milyon 94 min manat təşkil etmişdi. 

2020-ci ildə "Ata Sığorta"nın hesabladığı sığorta haqları 13 milyon 896 min manat ikən, 2021-ci ildə 11 milyon 952 min manata geriləyib. Şirkət 2019-cu ildə 18 milyon 48 min manat sığorta haqları hesablamışdı. “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin hesabladığı sığorta haqlarının azalması 2022-ci ildə də davam edir. Belə ki, şirkət 2022-ciilin yanvar-fevral düövründə 1 milyon 307 min manat sığorta haqları hesablayıb. Halbuki, “AtaSığorta” 2021-ci ilin eyni dövründə 2 milyon 492 min manat sığorta haqları hesablamışdı.

"Ata Sığorta"nın sığorta ödənişləri isə 2020-ci ildə 8 milyon 714 min manat ikən, 2021-ci ildə 8 milyon 532 min manat təşkil edib.

"Ata Sığorta" ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib. Şirkətin səhmdarı "Ata Holding" MMC-dir.

BusinessTime