Autizm Assosiasiyası və ADBTİA əməkdaşlığa hazırlaşır

Autizm Assosiasiyası və ADBTİA əməkdaşlığa hazırlaşır

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında baş tutan görüş zamanı Azərbaycan Autizm Assosiasiyasının prezidenti olaraq  qurumun  Mulltimedia Mərkəzi və Elmi-Tədris laboratoriyasının fəaliyyəti ilə yaxından tanış oldum.

Akademiyanın rektoru Fuad Hacıyev ikili diplom proqramları, beynəlxalq dərəcəli mütəxəssis və əcnəbi professorların iştirakı ilə idman və reabilitasiya istiqamətində aparılan işlər barədə ətraflı məlumat verdi. Həmçinin mühüm əhəmiyyət kəsb edən mövzu ətrafında fikir mübadiləsi apardıq.

Assosiasiyanın prezidenti olaraq ölkədə autizm ilə bağlı görülən  tədbirlər, dövlətin bu sahəyə diqqət və qayğısı, assosiasiyanın fəaliyyəti, eləcə bölgələrdə bu sahədə mövcud olan problemləri və qanunvericilikdə olan boşluqları görüş iştirakçılarının diqqətinə çatdırdım.  Habelə  məni ən çox narahat edən məsələ ətrafında çıxış edərək bildirdim ki,  son dövrlər autizm spektrli şəxslərə "dəstək" məqsədi ilə yaradılan bir çox mərkəzlərin əslində çox çirkin əməllər üzərində qurulan əməlləri məndə böyük təəssüf hissi doğurur. Autizm spektrli   uşaqlar üzərində maddi qazanc güdən həmin mərkəzlərin fəaliyyətinə ciddi nəzarət mexanizmi tətbiq edilməli və qeyri-qanuni hərəkətlər aşkar edildikdə fəaliyyəti dayandırılmalı, həmin şəxslər qanuna uyğun olaraq  cəzalandırılmalıdır.

Görüş zamanı, assosiasiya və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası arasında mümkün istiqamətlər üzrə gələcək fəaliyyət planlarını da müzakirə etdik və əməkdaşlığımızın faydalı olacağından əminliyimi ifadə etdim.

Millət vəkili
Jalə Əhmədova