Avropa avtomobil sənayesini itirmək riski ilə üz-üzədir
Beynəlxalq avtomobil komponentləri istehsalçısı “Gestamp” şirkətinin sədri və təsisçisi Fransisko Riberas “Financial Times” qəzetinə müsahibəsində bildirib ki, Avropa, o cümlədən Çin istehsalçıları ilə rəqabət səbəbindən avtomobil sənayesini itirə bilər.
Onun sözlərinə görə, Avropanın avtomobil sənayesi elektrikli avtomobillərin inkişafında Çinlə müqayisədə geridə qalıb. Belə ki, 2017-ci ildən etibarən Avropada avtomobil istehsalı, qitədən kənara ixrac edilən avtomobillər də daxil olmaqla, 20-25 faiz azalıb.
Nəşrin müəlliflərinin yazdığına görə, avtomobil istehsalı Avropanın ÜDM-nin təxminən 7 faizini təşkil edir və 14 milyona yaxın iş yerini təmin edir. Bundan əlavə, avtomobil sənayesi metallurgiya, kimya sənayesi, şüşə istehsalçıları və iqtisadiyyatın digər sektorlarının məhsullarına tələbat yaradır. Buna görə də avtomobil sənayesinin tənəzzülü bütün sənaye üçün ciddi nəticələrə səbəb ola bilər.
Riberas əlavə edib ki, Çin avtomobil istehsalçılarının Avropada istehsalı genişləndirməsinə icazə verilməlidir. Lakin onlar yerli komponentlərdən daha fəal istifadə etməlidirlər.
İyulun 9-da “Der Spiegel” jurnalı Almaniyanın “Volkswagen” avtomobil konserninin yaxın illərdə Almaniyada dörd istehsal müəssisəsini bağlamaq imkanını nəzərdən keçirdiyini yazıb.
Hazırda Almaniyada istehsal olunan modellərin istehsalının Şərqi Avropa ölkələrindəki, xüsusilə Macarıstan və Slovakiyadakı müəssisələrə köçürülməsi planlaşdırılır. Almaniyada boşalacaq istehsal sahələrinin başqa məqsədlər üçün istifadə olunması nəzərdə tutulur və onların müdafiə sənayesi müəssisələrinə satılması da istisna edilmir.


