Azərbaycan balı Avropapaya ixrac ediləcək

Azərbaycan balı Avropapaya ixrac ediləcək

“Arıların sağlamlıq vəziyyətinin qorunması məqsədilə mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir. Bitkilərin çiçəkləmə dövründə arı ailələrinin köçürülməsi zamanı karantin qaydalarına ciddi riayət olunmalı, arıxanalar arasında təxminən 5 km məsafə saxlanılmalı və yeni ərazilərə köçürülmə zamanı müəyyən müddət izolyasiya təmin edilməlidir. Həmçinin ana arı yetişdiriciliyi tam təcrid olunmuş ərazilərdə aparılmalı və bu ərazilərdə 3 km radiusda digər ana arı təsərrüfatı olmamalıdır.”

Bu fikirləri Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev deyib. Şöbə müdiri vurğulayıb ki, arıların yetişdirilməsi digər heyvan növləri ilə müqayisədə daha spesifik sahədir. Arıların iqlim dəyişikliyinə yüksək həssaslığı və populyasiyanın qısa müddətdə bərpa olunması bu sahədə daha məsuliyyətli yanaşmanı zəruri edir.

Onun sözlərinə görə, Azərbaycan ərazisində tarixən “Boz Qafqaz” və “Sarı Qafqaz” arı cinsləri mövcud olub. Son illərdə isə digər arı cinsləri də ölkəyə gətirilərək yetişdirilib və rayonlaşdırılıb. Hazırda ölkədə ümumilikdə altı arı cinsi arıçılıqda istifadə olunur.

Şöbə müdiri vurğulayıb ki, iqlim şəraitindən asılı olaraq arıların saxlanılması, qidalandırılması və müalicəsi düzgün təşkil olunmalı, qida təhlükəsizliyi tələblərinə ciddi şəkildə əməl edilməlidir. Eyni zamanda, arıçılıq məhsullarının təhlükəsizliyi xüsusi əhəmiyyət daşıyır və istehlaka təqdim edilən məhsullarda, xüsusilə balda antibiotiklər, pestisidlər və digər baytarlıq preparatlarının miqdarı normativlərə uyğun olmalıdır.

Q. Əbdüləliyev əlavə edib ki, hazırda arıçılıq məhsullarının, xüsusilə balın Avropa Birliyi ölkələrinə ixracı istiqamətində işlər aparılır. Bu məqsədlə beynəlxalq tələblərə uyğun monitorinq planları həyata keçirilir, ölkənin müxtəlif bölgələrində arıxanalara baxış keçirilir, nümunələr götürülərək laborator analizlər aparılır.