Azərbaycan ilə Ukrayna arasında qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq
Bu gün Azərbaycan ilə Ukrayna arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə yüksəlib.
Azərbaycan Respublikaının Prezidenti cənab İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenskinin 25 aprel tarixində Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda iki ölkə arasında formalaşmış yüksək səviyyəli siyasi dialoqun əhəmiyyəti xüsusi vurğulanmışdır. Ölkə başçısı qeyd etmişdir ki, dövlət başçıları arasında keçirilən görüşlər artıq müntəzəm xarakter almış, qarşılıqlı etimad və açıq dialoq münasibətlərin əsasını təşkil etmişdir. Son dörd il ərzində baş tutan yeddi görüşün hər biri Azərbaycan-Ukrayna əməkdaşlığının müxtəlif istiqamətlər üzrə inkişafına mühüm töhfə vermişdir.
Məlum olduğu kimi Volodimir Zelenskinin Azərbaycana ilk səfəri 2019-cu ildə baş tutmuş və həmin vaxtdan etibarən iki lider arasında formalaşan şəxsi münasibətlər ölkələrarası əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynamışdır. Bu münasibətlər qarşılıqlı hörmət, dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslanaraq, bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyev 2022-ci ilin yanvar ayında Kiyevə etdiyi səfəri xatırladaraq bildirmişdir ki, həmin görüş zamanı aparılan geniş fikir mübadiləsi və sonrakı dövrdə davam etdirilən intensiv təmaslar Azərbaycan ilə Ukrayna arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə şərait yaratmışdır.
Bu dialoq iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşməsinə, qarşılıqlı maraq doğuran məsələlər üzrə koordinasiyanın gücləndirilməsinə və beynəlxalq platformalarda birgə fəaliyyətin genişləndirilməsinə xidmət etmişdir. Bəyanatda həmçinin vurğulanmışdır ki, mütəmadi görüşlər və yüksək səviyyəli təmaslar Azərbaycan-Ukrayna münasibətlərinin davamlı inkişafını təmin etməklə yanaşı, regionda sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsinə də mühüm töhfə verir.
Ataş Əsədov
Neftçala rayonu


