Azərbaycan-Qırğızıstan münasibətləri möhkəm təməllər üzərində qurulub - RƏY

Azərbaycan-Qırğızıstan münasibətləri möhkəm təməllər üzərində qurulub
Bu gün Cənubi Qafqazada lider dövlət olan Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə əməkdaşlıq əsas prioritet istiqamətlərdən birini təşkil edir. Bu mənada ölkəmizi Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir. Bu günlərdə ölkə həyatında baş verən ən mühüm hadisələrdən biri məhz Mərkəzi Asiya regionunda yerləşən və türk dövləti olan Qırğız Respublikasının prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri oldu.

Qeyd edək ki, Azərbaycan və Qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri bu gün yüksələn xətllə inkişaf edir. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir. Ötən dövr ərzində bu iki dost və qardaş dövlət və onların təmsilçiləri BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO, Şanxay təşkilatı çərçivəsində həmişə bir-birini dəstəkləyib. Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrlik müddətinin uzadılmasında Qırğızıstanın birmənalı olaraq açıq dəstək verməsi də məhz bu məntiqə əsaslanır. Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən 1993-cü ildə qurulub. 2022-ci ildə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev dost Qırğızıstana ilk dövlət səfərini etdi. Səfər zamanı iki ölkə arasında bir sıra sənədlər, o cümlədən Müştərək İnkişaf Fondunun yaradılması ilə bağlı Saziş imzalandı. Həmin səfər zamanı ölkə başçısı Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Heydər Əliyev adına 20 saylı “Məktəb-Gimnaziya Təhsil-Tərbiyə Kompleksi” ümumtəhsil müəssisəsinin, Nizami Gəncəvi adına 103 saylı orta təhsil məktəbinin açılış mərasimlərində iştirak etdi.

Bu günlərdə isə Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfər etməsi ikitərəfli münasibətlərin inkişafına böyük təkan verməklə yanaşı, mövcud əlaqələrin  səviyyəsini nümayiş etdirir. Səfər zamanı hər iki ölkə başçısı mətbuata mühüm bəyanatlarla çıxış etdilər. Cənab Prezident İlham Əliyev çıxışı zamanı ölkəmizin Mərkəzi Asiya ilə yaxınlaşmasının əhəmiyyətindən də danışaraq, xüsusi vurğuladı: “Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir. Ən başlıcası, qardaş ölkələrdən olan ənənəvi tərəfdaşlarımızla qarşılıqlı fəaliyyəti möhkəmləndiririk.

Onların arasında Qırğızıstanla əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir”. Qeyd edək postmüharibə dövründə ölkəmizin qarşısında mühüm vəzifə məqsədlər dayanır. Bunlardan, əlbəttə ki, ən önəmlilərindən biri işğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq, quruculuq işləridir. Bu gün Azərbaycana dost,  qardaş olan ölkələrin miqyassız işdə ölkəmizə dəstək verdiyinin əyani şahidi oluruq.

Bu işdə Qırğızıstanın da qardaş münasibəti nümayiş etdirməsi bizləri çox sevindirir. Məhz bu səbəbdən cənab İlham Əliyev çıxışında işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür etdi. Qırğız dövlətinin Ağdam rayonunda öz vəsaitləri hesabına orta məktəb binasının tikintisini həyata keçirməsi ilə bağlı addımı müasir dünyada az-az rast gəlinən hadisədir. İnanırıq ki, bu səfər mövcud olan münasibətlərdə yeni səhifə açacaq, xalqlarımızın tarixi və mənəvi əlaqələrini daha da möhkəmləndirəcək, mövcud potensialdan tam istifadə üçün mühüm addımların atılmasına şərait yaradacaqdır.
 Bəxtiyar Məhərrəmov;
 Neftçala rayonu, Vətən Müharibəsi iştirakçısı