Düşünülmüş, məqsədyönlü xarici siyasət - Azərbaycan-Qazaxıstan münasibətləri
Bu gün Azərbaycanın sıx əlaqələr qurduğu, Türk dövlətlərindən biri də Qazaxıstandır.
Düşünülmüş, məqsədyönlü xarici siyasət kursu Azərbaycan Respublikasının dərin tarixi köklərə malik dövlətçilik ənənələrinin əsas tərkib hissəsini təşkil edir. Bu mənada dünyada baş verən proseslər, müharibələr, qütbləşmələr fonunda ölkəmizin xarici siyasətində ağıllı manevrlər etdiyinin, milli maraqlarımız əsas götürülməklə balanslaşdırılmış siyasət yürütdüyünün şahidi oluruq.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin düşünülmüş, reallığa əsaslanan daxili və xarici siyasəti nəticəsində Azərbaycan son illər ərzində çoxəsrlik tarixinin ən böyük uğurlarına, zəfərlərinə nail olub. Xüsusilə Ölkə başçısının təşəbbüsü olan “türk birliyi” məfhumu bu gün reallığa çevrilib. Soyu, kökü bir olan xalqlarımızın dünya nizamının pozulduğu zamanda bir-birlərinə arxa, dayaq olmaları tarixi şans və zərurətdən doğan reallıqdır.
Bu mənada son illər ərzində cənab Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, həmin region dövlətlərinin başçılarının isə Azərbaycana səfərlərinin müntəzəm xarakter aldığının şahidi oluruq. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb.
Bu gün Azərbaycanın sıx əlaqələr qurduğu, Türk dövlətlərindən biri də Qazaxıstandır. Azərbaycan-Qazaxıstan münasibətləri Sovet İttifaqı dağıldıqdan sonra da yüksələn xətlə inkişaf edib, bu gün isə özünün, demək olar ki, ən yüksək səviyyəsinə çatıb. İki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri məhz ölkələrimiz arasındakı münasibətlərin inkişafına xidmət edir. Bu günlərdə Mğhtərəm Prezident cənab İlham Əliyevin Qazaxıstana dövlət səfəri növbəti inkişafın, əməkdaşlığın təcəssümüdür.
Səfər zamanı cənab İlham Əliyevin Kasım Jomart Tokayevlə geniş tərkibdə görüşü, qarşlıqlı maraqlara əsaslanan sənədlərin imzalanması bu səfərin də olduqca məhsuldar keçdiyini deməyə əsas verir. İmzalanan sənədlər gələcəkdə Azərbaycan və Qazaxıstan arasında iqtisadi, siyasi, mədəni əlaqələrin daha da inkişafını təmin edəcəkdir.
Elxan Ələkbərli;
Neftçala rayonu

