Azərbaycanda bu “zapravka”lar bağlandı
“MSDIS Holding”ə məxsus “MS Oil” yanacaqdoldurma məntəqələrinin (YDM) daha bir qismi bağlanıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkətin fəaliyyətini dayandıran YDM-lərinin sayı 6-ya çatıb.
Belə ki, “MS Oil”in fəaliyyətini dayandıran YDM-ləri aşağıdakılardır:
- Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsi;
- Xırdalan qəsəbəsi, Bakı-Sumqayıt yolunun 12-ci kilometrliyi;
- Koroğlu Rəhimov küçəsi 65;
- Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 8;
- Bakı şəhəri, Salyan şosesi 13 km;
- Abşeron rayonu, Müşviqabad qəsəbəsi, Bakı-Şamaxı yolu.
Məlumata görə, şirkət qeyd olunan ünvanlarda yerləşən yanacaqdoldurma məntəqələrini “SOCAR”a icarəyə verib. Artıq həmin ünvanların bəzilərində “SOCAR” brendli YDM-lər fəaliyyətə başlayıb, digərlərində isə hazırda təmir-dizayn-quraşdırma işləri aparılır.
Əvvəllər “MS Oil”in Bakı və regionlarda benzin, dizel və qaz yanacağının satışını həyata keçirən 12 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərib. “MS Oil” fəaliyyətini hazırda aşağıdakı ünvanlar üzrə cəmi altı filialda davam etdirir:
- Xırdalan şəhəri;
- Sabunçu rayonu, Zabrat qəsəbəsi;
- Zirə qəsəbəsi, Zirə-Pirallahı yolunu qərb hissəsi;
- Abşeron rayonu, Saray qəsəbəsi, Bakı-Quba avtomobil yolunun 22-ci kilometrliyi;
- İsmayıllı rayonu, Nizami Gəncəvi;
- Siyəzən rayonu, Bakı-Quba yolu.
Xatırladaq ki, “MSDIS Holding” inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə fəaliyyət göstərir. Holding "MS Sement" sement istehsalı, "MS Kabel" kabel istehsalı, "MS Asfalt" asfalt istehsalı, daş və qum-çınqıl yatağı ilə məşğul olan "MS Karyer" müəssisələrinə, eləcə də “MS Laminat” şirkətinə və "MS Oil" yanacaq doldurma məntəqələrinə sahibdir. “MSDIS Holding” bir müddət əvvəl nizamnamə kapitalını kəskin azaldaraq 2 572 000 manatdan 500 manata endirib.
“MSDIS Holding” MMC-nin qanuni təmsilçisi Nağıyev Mirfəyyaz Oktay oğludur.